"Emil ilə nahar" caz konserti
3 İyun 2020 11:11 MədəniyyətAzərbaycan Demokratik Respublikasının 102-ci ildönümünü qeyd etmək məqsədi ilə ABŞ-da fəaliyyət göstərən Azərbaycan-Amerika Musiqi Fondunun (AAMF) təşəbbüsü və təşkilatçılığı ilə tanınmış pianoçu Emil Afrasiyab və müğənni Leyla Babayeva Afrasiyabın iştirakı ilə"Emil ilə nahar" adlı virtual caz konsert proqramı təşkil olunub.
Olaylar.az bildirir ki, proqramda Emil Əfrasiyabın orijinal kompozisiyaları, xalq mahnılarının aranjımanları, və Tofiq Quliyev, Fərhad Bədəlbəyli, Rauf Hacıyev, Vaqif Mustafazadə kimi Azərbaycan bəstəkarının əsərləri səsləndirilmişdir.
Virtual konsertin tamaşaçıları Leyla Babayeva-Əfrasiyabın ifasında İbrahim Topçubaşevin "Nə bəxtiyardir", Tofiq Quliyevin "Yol ayricında" və "Tez gəl" kimi məşhur Azərbaycan mahnılarını dinləməkdən zövq aldılar. Müğənni özünə məxsus səs tembri, zəngin çalarları ilə dinləyiciləri və pərəstişkarları heyran etdi.
Emil Əfrasiyab konsert programını "İki dünya"adlı orijinal kompozisiyası ilə başlayaraq "Əzizə" əsərı ilə yekunlaşdırmışdır. Həmkarları tərəfindən "bənzərsiz istedad və sənətinə sədaqətli musiqiçi" kimi tanınan Emil Afrasiyab hazırda dünyanın ən məşhur musiqi kolleclərindən birində, ABŞ-ın Massaçusets ştatının Boston şəhərindəki Berkli Kollecində təhsilini davam etdirir. İfaçı peşəkarlar arasında ehtiraslı, texniki cəhətdən bacarıqlı və intuitiv çıxışları ilə tanınır. O həm də bəstəkar və aranjimançı kimi də fəaliyyət göstərır.
"Emil ilə nahar" konsertinə dəvət olunanlar arasında Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanov və həyat yoldaşı Lalə Süleymanova olmuşdur. Konsertin dinləyiciləri olaraq Diaspora ilə İş üzrə Dövlət Komitəsinin aparıcı məsləhətçisi Lalə İsmayılova, Vaqif Mustafazadə Ev Muzeyinin direktoru və Vaqif Mustafazadə Fondunun sədri Afaq Əliyeva, Azərbaycanın xalq artisti Ənvər Sadıxov və digər fəxri qonaqlar da iştirak etdilər.
AAMF-in təəsisçisi və icraçı direktoru Dr. Cəmilə Cavadova-Spitzberqin rəhbərlik etdiyi AAMF təşkilatı Azərbaycan musiqisini ABŞ-da və Amerika Musiqisini Azərbaycanda tanıtmaqla məşhurdur. Belə ki, 2020-ci ilin aprel ayında təşkilat həmçinin görkəmli Azərbaycan bəstəkarı Asəf Zeynallının "Muğam üslubunda
Fantaziyasının" ən yaxşı ifası üçün virtual aləmdə beynəlxalq müsabiqəsinə də start verib. Müsabiqənin fəxri hakimləri Julia Bushkova (ABŞ) və Zəhra Quliyevadır (Azərbaycan). Müsabiqənin nəticələri 2020-ci ilin avqust ayının ortalarında elan ediləcəkdir.