Avropa Şurasının mədəni marşrutları Azərbaycanda: ən yaxşı milli təcrübələr

Avropa Şurasının mədəni marşrutları Azərbaycanda: ən yaxşı milli təcrübələr

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində "Azərbaycanın mədəni marşrutlar potensialı" mövzusunda respublika müşavirəsi keçirilmişdi. Olaylar.az bildirir ki, müşavirənin ilk günü panel iclasında "Avropa Şurasının mədəni marşrutları Azərbaycanda: ən yaxşı milli təcrübələr" mövzusunda məruzələr dinlənilib.

Panel iclasda çıxış edən "Şirvan şərabları" MMC-nin satış üzrə meneceri Nizami Əliyev "Şərab yolları" marşrutu barədə çıxışında Azərbaycanın şərabçılıq ənənələri, şərabın müalicəvi xüsusiyyətləri, müəssisənin üzümçülük və şərabçılıq kompleksi  haqqında məlumat verib.

Vurğulanıb ki, şirkət tərəfindən 2014-cü ildə Şamaxı rayonunun Meysəri kəndində 310 ha sahədə üzümçülük və şərabçılıq kompleksinin yaradılması, yerli və xarici üzüm sortlarından ibarət üzüm bağlarının salınması, dünyanın qabaqcıl şirkətlərinin müasir texnologiyalarından istifadə edərək sahəsi 4398 kvadratmetr olan zavodda orqanik bioşərabın istehsalı, eləcə də kompleksin ərazisində şərab muzeyi, restoran, mağaza və qonaq evinin istifadəyə verilməsi Azərbaycanda şərabçılıq turizminin inkişafına da töhfə verib, istehsal olunan şərablar qısa müddətdə bazarda öz layiqli yerini tutub.

Həmçinin, üzümün yetişdirilməsindən şərab məhsullarının istehsalına kimi bütün mərhələlərdə kimyəvi vasitələrdən, süni konservantlardan, boyaq maddələrindən, aromatizatorlardan istifadə olunmadan hazırlanan, özünəməxsus dadı, rəngi və ətri ilə seçilən şərablar "Meysəri" markası və "Sədəf", "Mərcan", "Məxməri", "Bülluri", "Sənəm" və "İnnabı" adları ilə satılmaqdadır. Təqdirəlayiq haldır ki, istehsal olunan məhsullar Fransanın "Ecosert" şirkəti tərəfindən sertifikatlaşdırılıb, eyni zamanda regionda ilk dəfə 2017-ci ildən Avropa İttifaqı tərəfindən tanınan orqanik biosertifikata, müəssisə isə ISO 22000 - Qida Təhlükəsizliyi Sistemi sertifikatına layiq görülüb.

2019-cu ilin 30-31 avqust tarixlərində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şamaxının Meysəri kəndində I Azərbaycan Üzüm və Şərab Festivalının keçirilməsi yerli şərab məhsullarının istehsalına və ixracına dəstək olmaqla yanaşı, turizmin inkişafı, şərab mədəniyyətinin və kompleksin mühüm mədəni marşrutlardan biri olaraq təbliğində də əhəmiyyətli rol oynayıb. Hazırda kompleks yerli və xarici turistlərin tərcih etdiyi, turizm şirkətləri tərəfindən mədəni turların təşkili olunduğu turistik məkanlardan biridir.

İclasda həmçinin, "Absheron Olive Garden" şirkətinin marketinq meneceri Aişə İbrahimova məruzəsini təqdim edib.

"Yəhudi irsi üzrə Avropa marşrutu" humanitar təşkilatının direktor müavini - Azərbaycan üzrə nümayəndə Zamir İsayev çıxış edərək diqqətə çatdırıb ki, yəhudilər Azərbaycanda hər zaman rahat və sərbəst yaşayaraq milli irslərini qoruyub saxlayıblar.

Qobustan Milli Tarix-Bədii Qoruğunun elmi katibi Rəhman Abdullayev "Qədim qayaüstü incəsənət izləri" marşrutu barədə məlumat verib.

"Termal şəhərlər" marşrutu üzrə "Qalalatı Hotel and SPA"nın satış üzrə meneceri Fəxri Qafarlı kurort mərkəzinin xidmətləri və qeyd edilən marşrutda mövqeyi ilə bağlı məruzə edib.

"Grand Agro" MMC-nin direktor müavini İlqar Məhərrəmov "Zeytun ağacları" marşrutu üzrə məruzə edib.

Panel iclasda mövzular ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31