Azərbaycanın ən yaxşı dizaynerləri mükafatlandırılıb
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Azerbaijan Design Award” layihə-müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
3 Mart 2020 11:38 MədəniyyətAzərbaycan Dövlət Akademik Opera və Balet Teatrında "Azerbaijan Design Award" layihə-müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
Olaylar.az bildirir ki, Mədəniyyət naziri Əbülfəs Qarayev finala vəsiqə qazanmış layihələrlə tanış olub.
Dövlət himninin səslənməsi ilə başlayan mükafatlandırma mərasimində "Azerbaijan Design Award" layihəsinə aid videomaterial təqdim olunub.
Tədbirdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev bildirib ki, yaradıcı şəxslər üçün tamamilə ödənişsiz təşkil olunan müsabiqə ölkədə dizayn səviyyəsinin yüksəldilməsi və istedadlı şəxsləri üzə çıxarmaq məqsədilə həyata keçirilib. Dizaynın keyfiyyətini yüksəltməklə dünya səviyyəsində dizaynerlərlə ayaqlaşmaq üçün mühit yaratmaq istəyən təşkilatçılar, buna görə dünyanın dörd bir yanından münsiflər cəlb edib.
Dünyaca məşhur peşəkarlardan ibarət münsiflər heyəti bütün layihələri onlayn şəkildə anonim olaraq dəyərləndiriblər.
"Azerbaijan Design Award" layihəsinin təsisçi və təşkilatçıları gənc dizaynerlər Rəhim İsmayılov (müəllif, həmtəsisçi) və Ramin Nəsirov (həmtəsisçi) müsahibə verərək bildiriblər ki, müsabiqə ölkənin ən yaxşı dizaynerlərinin seçilməsi üçün təsisi olunub.
Dizaynerlər rəsmi sayt üzərindən 10 kateqoriya üzrə layihələrini təqdim ediblər: brendinq, qablaşdırma dizaynı, illüstrasiya, veb-dizayn, sənaye dizaynı, tətbiqetmə (app) dizaynı, interyer dizaynı, eksteryer dizaynı, çap dizaynı, outdoor dizaynı.
Sonra "Azerbaijan Design Award" layihəsinin qalibləri möhtəşəm final gecəsində elan olunub. Finalçılar "Azerbaijan Design Award" və Mədəniyyət Nazirliyi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıblar. Qaliblərə isə əsas mükafat "Azerbaijan Design Award" kuboku, diplom və hədiyyələr təqdim olunub.