UNESKO-da Azərbaycanla bağlı müzakirələr aparılıb

UNESKO-da Azərbaycanla bağlı müzakirələr aparılıb

Parisdə UNESKO-nun baş qərargahında qurumun mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında Konvensiyasının Hökumətlərarası Komitəsinin 13-cü sessiyasının açılışı olub.

Olaylar.az bildirir ki, sessiyada Azərbaycanı Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva və UNESKO yanında daimi nümayəndəliyimizin rəhbəri, səfir Anar Kərimov təmsil edib. Sessiyanın gündəliyi qəbul edildikdən sonra müşahidəçilərin siyahısı təsdiqlənib və komitənin on ikinci iclasının ətraflı icmal protokolu qəbul edilib. Sonra qurumun katibliyinin 2018-2019-cu illərdə həyata keçirilmiş fəaliyyət hesabatları dinlənilib.

Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva çıxış edərək 2005-ci il konvensiyasının mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi istiqamətində əvəzsiz rolundan danışıb. Yaradıcı sənaye sahələri barədə məlumatlılığı artırmaq və yerli istehsal, eləcə də yerli yaradıcı məhsul və xidmətlərin yayılması və ixracının təşviqi üçün "Kreativ Azərbaycan" portalının istifadəyə verildiyi diqqətə çatdırılıb. Bildirilib ki, ölkəmizdə sənətə və sənət adamlarına xüsusi qayğı göstərilir.

Qeyd edilib ki, UNESKO-nun qərarı ilə Bakı şəhəri təşkilatın Yaradıcı Şəhərlər Şəbəkəsinə "Dizayn" tematikası üzrə daxil edilib. Azərbaycanın 2005-ci il konvensiyasının prinsiplərinə sadiq olduğu vurğulanıb.

Qeyd edək ki, sessiya fevralın 15-dək davam edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31