ANA VƏTƏN PARTİYASININ BƏYANATI
15:49 Siyasət8 Noyabr Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən biri, milli qürurumuzun, qəhrəmanlığımızın, sarsılmaz iradəmizin və tarixi ədalətin təntənəsinin rəmzidir. Bu möhtəşəm Zəfər xalqımızın azadlıq və müstəqillik ideallarına sədaqətinin, dövlətimizin siyasi və hərbi qüdrətinin, milli birliyimizin və qətiyyətimizin bütün dünyaya nümayişidir.
Azərbaycan xalqı 2020-ci ildə 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Möhtərəm Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfərə imza ataraq otuz ilə yaxın davam edən Ermənistan işğalına son qoydu. Noyabrın 8-də Qarabağın tacı, milli-mədəni irsimizin beşiyi olan Şuşanın azad edilməsi xalqımızın qəhrəmanlıq salnaməsində əbədi yaşayacaq möhtəşəm hadisəyə çevrildi.
Tarixi Zəfər Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyasının Cənab Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsinin, illərlə həyata keçirilən məqsədyönlü siyasətin, güclü iqtisadiyyatın, müasir ordu quruculuğunun və xalq-iqtidar birliyinin məntiqi nəticəsidir.
Azərbaycan dövləti uzun illər beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymayan, BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyən Ermənistanın işğalçılıq siyasətinə öz hərbi qüdrəti və siyasi iradəsi ilə son qoydu. Beynəlxalq təşkilatların fəaliyyətsizliyi, ayrı-ayrı dövlətlərin ikili standartlara əsaslanan mövqeyi tarixi ədalətin bərpasına mane ola bilmədi. Azərbaycan dövləti ərazi bütövlüyünün və suverenliyinin toxunulmaz olduğunu, milli maraqlarından heç bir halda güzəştə getməyəcəyini bütün dünyaya nümayiş etdirdi.
2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazilərində dövlət suverenliyinin tam bərpası tarixi Zəfərimizin məntiqi tamamlanması oldu. Bununla da Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam təmin edərək dövlətçilik tarixində yeni mərhələyə qədəm qoydu. Qarabağda separatizmə birdəfəlik son qoyulması Azərbaycanın suverenliyinin, konstitusiya quruluşunun və milli dövlətçilik iradəsinin sarsılmazlığını bir daha təsdiq etdi.
Azərbaycan regionda yeni siyasi reallıqların əsas müəllifi, Cənubi Qafqazda davamlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın təşəbbüskarıdır. Möhtərəm Cənab Prezident İlham Əliyevin müstəqil, prinsipial və uzaqgörən siyasəti nəticəsində ölkəmiz beynəlxalq münasibətlər sistemində mövqelərini daha da möhkəmləndirir, milli maraqlarını qətiyyətlə müdafiə edir. Azərbaycan qalib dövlət olaraq Cənubi Qafqazda dayanıqlı sülhün və təhlükəsizliyin bərqərar olunması, regionda yeni əməkdaşlıq mühitinin formalaşması istiqamətində ardıcıl və prinsipial siyasət həyata keçirir.
Tarixi Zəfərimizin əzəməti Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərində, Böyük Qayıdış Proqramının ardıcıl icrasında, doğma torpaqlarına qayıdan soydaşlarımızın sevincində öz ifadəsini tapır. İşğal dövründə dağıdılmış şəhər və kəndlərimiz yenidən qurulur, müasir infrastruktur yaradılır, milli-mədəni və mənəvi irsimiz bərpa edilir. Dövlətimiz azad etdiyi torpaqlara yeni həyat bəxş etməklə hərbi Qələbəsini davamlı inkişaf və quruculuq nailiyyətləri ilə möhkəmləndirir.
Möhtərəm Cənab Prezident İlham Əliyevin qətiyyətli liderliyi, uzaqgörən siyasəti və sarsılmaz siyasi iradəsi sayəsində Azərbaycanın qüdrətinin daha da artırılmasına, dövlət suverenliyimizin möhkəmləndirilməsinə və tarixi Zəfərimizin nailiyyətlərinin əbədiləşdirilməsinə yönəlmiş siyasəti qətiyyətlə dəstəklədiyimizi bəyan edirik.
Tarixi Zəfərimizin altıncı ildönümündə Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə və Vətən müharibəsinin bütün iştirakçılarına sonsuz minnətdarlığımızı bildiririk. Azərbaycan xalqı qəhrəman övladlarının fədakarlığını heç zaman unutmayacaqdır.
Müzəffər Ali Baş Komandan, Möhtərəm Cənab Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi, müdrik rəhbərliyi və Ordumuzun qəhrəmanlığı sayəsində qazanılmış tarixi Zəfər dövlətçilik salnaməmizin əbədi şərəf zirvəsidir. Zəfər müstəqil Azərbaycanın qüdrətinin, xalqımızın milli birliyinin və sarsılmaz iradəsinin təcəssümü olaraq nəsildən-nəslə ötürüləcək, əbədi yaşayacaqdır!
Ulu Tanrı Müzəffər Ali Baş Komandanımızı, dövlətimizi və xalqımızı qorusun!
Ana Vətən Partiyası
04 noyabr 2026-cı il