Bəstəkar-pianoçu Cahangir Qarayevin yaradıcılıq gecəsi - Muğam Mərkəzində
Bəstəkar-pianoçu Cahangir Qarayevin yaradıcılıq gecəsi - Muğam Mərkəzində
12 Fevral 2020 12:35 MədəniyyətBeynəlxalq Muğam Mərkəzində bəstəkar-pianoçu Cahangir Qarayevin 70 illiyinə həsr olunmuş tədbir keçirilib. Olaylar.az bildirir ki, tədbirdə tanınmış mədəniyyət və incəsənət xadimləri, dövlət və hökumət rəsmiləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Yubiley gecəsində bəstəkarın həyat və yaradıcılığından danışılıb, onun musiqi mədəniyyətimizin inkişafındakı xidmətləri qeyd olunub.
Öz təhsilini musiqi klassikasının ən kamil nümunələri əsasında alan C.Qarayev caz sənətini də ciddi surətdə öyrənməyə başlayıb. Onun maraq və axtarışları özünün yaratdığı və rəhbərlik etdiyi "Cürbəcür" qrupunun fəaliyyətində gerçəkləşir. Böyük rəğbət qazanmış həmin heyətin repertuarına müasir Azərbaycan bəstəkarlarının caz əsərləri daxil idi.
Diqqətə çatdırılıb ki, ötən əsrin 70-80-ci illərində Bakıda həm caz və rok, həm də elektron musiqi sahəsində bir inqilab dövrü başlayıb. Bu dövrdə Bakıda ilk elektron musiqi konsertini də verən C.Qarayev olub. O, həmin dövrdə çətin tapılan elektron musiqi alətlərini əldə etmək üçün hətta müxtəlif eksperimentlər aparıb.
C.Qarayev bəstəkar kimi bədii və cizgi filmlərinə yazdığı musiqilərdə öz potensialını nümayiş etdirə bilib. O, pedaqoji sahədə də uzun müddət çalışıb. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında dərs dediyi tələbələr hazırda İsveç və ABŞ-da onun yolunu davam etdirirlər. Yaradıcılığının son dövrlərində öz eksperimental musiqi layihələrini həyata keçirib.
Daha sonra yubiley tədbiri konsert proqramı ilə davam edib. Proqramda Xalq artistləri Murad Hüseynov, Murad Adıgözəlzadə, Salman Qəmbərov, Əməkdar artist Şəhriyar İmanov, Beynəlxalq müsabiqələr laureatı Fəqan Həsənli və Elbəy Məmmədzadənin ifasında klassik və caz musiqisindən ibarət əsərlər səsləndirilib.