Gülhüseyn Kazımlının yaradıcılıq gecəsi keçirildi
Beynəlxalq Muğam Mərkəzində şair-publisist Gülhüseyn Kazımlının anadan olmasının 70 illiyinə həsr olunmuş yaradıcılıq gecəsi keçirilib.
5 Fevral 2020 12:00 MədəniyyətBeynəlxalq Muğam Mərkəzində şair-publisist Gülhüseyn Kazımlının anadan olmasının 70 illiyinə həsr olunmuş yaradıcılıq gecəsi keçirilib.
Olaylar.az bildirir ki, Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi İlqar Fəhminin aparıcılıq etdiyi gecədə əvvəlcə Mədəniyyət naziri Əbülfəs Qarayevin təbrik məktubu oxunub. Daha sonra AYB və ölkəmizin Macarıstanındakı səfirinin yubilyara təbriki səsləndirilib.
Tədbirdə Xalq artisti, Azərbaycan Milli Konservatoriyasının professoru Mənsum İbrahimov yubilyarı təbrik edərək onu muğam ifaçılarının yaxın dostu adlandırıb. Vurğulayıb ki, müxtəlif sahələrdə yüksək vəzifələrdə çalışmasına baxmayaraq, o, həmişə musiqiyə bağlı insan olub. Gülhüseyn Kazımlının şərəfli, məhsuldar və Azərbaycan ziyalısına yaraşan bir ömür yaşadığını qeyd edən filologiya üzrə fəlsəfə doktoru Qurban Bayramov yubilyarın olduqca dəyərli elmi-tədqiqat əsərlərinin olduğunu diqqətə çatdırıb
Yubilyarı 50 ilə yaxındır tanıdığını söyləyən Xalq artisti Ramiz Quliyev onun muğama, musiqiyə olan diqqət və marağından söz açıb.
Tədbirdə yubilyarın şair, yazıçı olmaqla yanaşı, gözəl publisist olduğunu söyləyən Mətbuat Şurasının sədri Əflatun Amaşov ona təmsil etdiyi qurumun fəxri diplomunu təqdim edib.
Tanınmış yazıçı Səyyad Aran, şair Maşallah Məftun və başqaları yubilyarı təbrik edərək onun yol yoldaşlığı, təşkilatçılığı, təvazökarlığı, özünəməxsus yumora malik insan kimi xüsusiyyətlərindən danışıblar.
Şair-publisistin yaradıcılıq gecəsində sözlərinə yazılmış mahnılar səslənib, yaradıcılıq yoluna nəzər salınıb.
Gecədə Xalq artistləri Ramiz Quliyev, Mənsum İbrahimov, Teyyub Aslanov, Ənvər Sadıqov, Əməkdar artistlər Təyyar Bayramov, Sevinc Sarıyeva, Azad Şükürov, Zakir Əliyev və gənc xanəndələr Almaxanım Əhmədli, Murad Rüstəmzadə, Nisbət Sədrayeva çıxış edib.
İfaçıları Rövşən Qurbanovun rəhbərliyi ilə "Buta" instrumental ansamblı müşayiət edib.