Malayziyanın nüfuzlu elmi-tədqiqat jurnalında aşıq sənətinə həsr olunmuş məqalə dərc edilib
Malayziyanın nüfuzlu elmi-tədqiqat jurnalında aşıq sənətinə həsr olunmuş məqalə dərc edilib
30 Yanvar 2020 12:13 MədəniyyətMalayziyanın nüfuzlu elmi-tədqiqat nəşrlərindən olan "SARE" jurnalının 56-cı cildinin 2-ci nömrəsində Azərbaycan qadın aşıq sənətinin tarixi nümayəndələrindən Aşıq Bəstiyə həsr olunmuş məqalə dərc edilib.
Olaylar.az bildirir ki, Azərbaycan Dillər Universitetinin dosenti Şəhla Nağıyeva, Malayziya İslam İncəsənəti Muzeyinin əməkdaşı, Azərbaycan mənşəli tədqiqatçı Əmin Əmirdabbaqyan və Malaya Universitetinin professoru, elmlər doktoru Krişnavanie Şunmugam tərəfindən ingilis dilində qələmə alınmış məqalə "Sazım yardan ötrü fəryad edir" adlanır.
Məqalədə, əvvəlcə, Azərbaycan folklorunun məhək daşı, Dədə Qorqud yadigarı olan aşıq sənətinin əsas xüsusiyyətləri barədə geniş məlumat verilir. Sonra XIX əsrə məxsus Azərbaycan qadın aşıqlarının görkəmli təmsilçilərindən olan Aşıq Bəstinin həyat və yaradıcılığından bəhs edilir, onun ifaçılıq və poetik istedadı barədə vacib qeydlər təqdim olunur. Həmçinin Aşıq Bəstinin timsalında Azərbaycan qadınının yüksək keyfiyyətləri, onun nəcibliyi, oxşarsız qabiliyyəti, eləcə də cəmiyyətdə özünü ifadəetmə azadlığı və ona göstərilən dərin ehtiram oxucuların diqqətinə çatdırılır. Müəlliflər Aşıq Bəstinin hələ XIX əsrdə Azərbaycandakı qadın emansipasiyasının uğurlu nümunələrindən biri olduğuna və həmin dövrdə bunun müsəlman şərqi üçün inqilabi göstərici sayıldığına işarə edərək, oxuculara xalqımızın tərəqqipərvər xüsusiyyətləri barədə məlumat verirlər.
Məqalənin növbəti səhifələrində Aşıq Bəstinin şeirlərindən ingilis dilinə tərcümə edilmiş çoxsaylı seçmələr təqdim olunur.
Azərbaycanın Malayziyadakı səfiri Qaley Allahverdiyev milli aşıq sənətimizin Malayziyanın elmi-publisistik nəşrlərində təqdim olunmasını təqdirəlayiq addım kimi qiymətəndirərək, müəlliflərə yeni-yeni nailiyyətlər arzulayıb.
Qeyd edək ki, "SARE" jurnalı Malayziyanın ilk ali təhsil ocağı kimi tarixə düşmüş nüfuzlu Malaya Universitetinin elmi nəşridir. Eyni zamanda, Malaya Universiteti beynəlxalq reytinq təşkilatları tərəfindən dünyanın ilk 100 universiteti arasında göstərilir.