Tanınmış nasir və publisist Xeyrəddin Qocanın 70 illiyi qeyd edildi

Tanınmış nasir və publisist Xeyrəddin Qocanın 70 illiyi qeyd edildi

Beynəlxalq Muğam Mərkəzində tanınmış nasir və publisist Xeyrəddin Qocanın anadan olmasının 70 illiyinə həsr edilmiş musiqili-bədii gecə keçirilib.

Olaylar.az bildirir ki, filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlının aparıcılığı ilə keçən gecədə ədibin çağdaş həqiqətlərə işıq salan bədii və publisistik yaradıcılığından geniş söhbət açılıb.

Tədbirdə Azərbaycan Yazıçılar İttifaqının katibi, Xalq yazıçısı Çingiz Abdullayev yubilyarın mənalı ömür yoluna nəzər salıb, onun milli maraqlarımızla səsləşən, vətəndaşlıq duyğularından qaynaqlanan ədəbi-bədii yaradıcılığından söz açıb.

Gecədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclis sədrinin müavini Bahar Muradova və başqaları çıxış edərək Xeyrəddin Qocanın satirik-dramaturji yaradıcılığından, onun hədsiz səmimiliyindən, baməzəliklərindən söz açıblar.

Yubilyarın qəzetçilik və publisistik, ictimai-siyasi və diplomatik fəaliyyətindən danışan natiqlər Xeyrəddin Qocanı təbrik edərək ona yeni yaradıcılıq uğurları arzulayıblar.

Gecədə yazıçı-satirikin ərsəyə gətirdiyi tamaşalardan qısa səhnələr nümayiş olunub və rəngarəng musiqi parçaları təqdim edilib.

Sonda Xeyrəddin Qoca mərasimin təşkilində zəhməti olanlara minnətdarlığını bildirib, bundan sonra da ədəbiyyatımıza yeni töhfələr bəxş edəcəyini söyləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31