Sözsüz qalan “Kitab oğrusu”
Sözsüz qalan “Kitab oğrusu”
15 Yanvar 2020 13:02 Mədəniyyət"Bilirsinizmi, kimsə alman faşizminin antisemitizmdən, hədsiz coşqun rəhbər və hirsli qoyun millətdən doğduğunu deyə bilər. Ancaq bütün bunlar almanların bir maraqlı məşğuliyyətə məhəbbəti olmasaydı, nəticə verə bilməzdi.
Yandırmaq məşğulliyəti.
Almanlar nəsə yandırmağı sevirdilər. Dükanları, sinaqoqları, Reyxstaqları, evləri, şəxsi əşyaları, öldürülən insanları və təbii ki, kitabları".
Müharibə mövzusu nə qədər ağır olsa da, dünya ədəbiyyatında ən çox işlənmiş mövzulardan biridir. Yaddaşlarda dərin iz buraxmış bu ədəbi nümunələr oxucunun keçmiş və gələcək, olum və ölüm, sülh və müharibə barədə düşüncələrinə aydınlıq gətirir. Bu əsərlərdə insanlığın arxa planda qaldığı, unudulduğu müharibələrdə silahların səsini duyur və ölüm qorxusunu hiss edirsən. "Kitab oğrusu"nda isə ölümün qoxusunu duyursan. Markus Zusak "Kitab oğrusu"nu ölümün dilindən səsləndirir. Əsərdə yəhudilərin qırğınına aid xüsusi səhnə yoxdur, savaşın dəhşətini silahların üzərindən deyil, insan taleyindən görürsünüz.
Müəllif qlobal cinayətin qarşısını almaq üçün çıxış yolunu "SÖZ" də görür. O cəhalət tonqalından oğurlanmış kitabı cılız qızcığazın qucağına sıxır. İntellektuallıq faşizmə yaddır. Onlar hər şeyi başdan yazmaq istəyir. Münhendə əhali əllərinə keçən bütün kitabları meydanda həvəslə tonqala atır, balaca qəhrəmanımız isə hər kəs getdikdən sonra bir kitabı közü onu yandırsa belə paltosunun altında gizlədir. "Kitab oğrusu" "SÖZ"lə həmyerlilərinə və cəhalətə savaş açır.
1939-cu ilin yanvarı. Almaniya. Nəfəsini dərmiş ölkə. Hələ heç vaxt ölümün bu qədər işi olmamışdı.
Müharibə? - Yox. Bu Lizel adlı bir qızdan, onun "SÖZ"lərlə tanışlığından, akkordeon çalan atadan, fanatik almanlardan, yəhudi döyüşçüdən və çoxlu oğurluqdan danışılan əsərdir.
Lizelin anası siyasi təqiblərə məruz qaldığı üçün balaca oğlunu və qızını yeni ailəyə vermək qərarına gəlir. Lakin elə qatarda ikən oğlan ölür. Ölüm Lizellə ilk dəfə burada qarşılaşır... Qardaşını yol üstündə adsız bir qəbirstanlıqda dəfn edərkən qəbirqazanın cibindən düşən kitab Lizeli ilk oğurluğa sövq edir. Oxumağı bacarmayan "kitab oğrusu" ilk qənimətini ələ keçirir - Uğurlu karyeranın başlanğıcı.
Qəbirqazan üçün təlimat:
Yaxşı qəbir qazmaq üçün iyirmi addımdan ibarət dərslik.
Bavariya qəbiristanlar birliyi tərəfindən nəşr edilmişdir.
Kitabın onun üçün böyük mənası var idi. Oğurladığı ilk kitab onun axırıncı dəfə qardaşını və anasını gördüyü an idi...
Lizel Meminger yeni ailəsinə Hubermanlara qovuşur. Burdakı ailəsinə özəlliklə də atası Hans Hubermana tez bir zamanda öyrəşir. Sakit, səbirli və nəcib Hans Lizelin qayğısına qalır, ona oxumağı öyrədir. Akkordeon çalan ata üçün insanlıq hər şeydən öndə gəlir. Evlərinin zirzəmisində sığınacaq verdikləri gənc yəhudini alman zabitləri taparsa Huberman ailəsinin sonu gələcək. Yəhudi Maks özünü müdafiə kimi üstündə Hitlerin "Mənim mübarizəm" kitabını gəzdirir. Bir neçə il zirzəmidə yaşamaq məcburiyyətində qalır, ən yaxın dostu Lizel o xəstə olanda bələdiyyə sədrinin evindən oğurladığı kitabları başı üstündə oxuyaraq onu tək buraxmır. Maksın Lizeldən başqa heç kimi yoxdur, onlar sirdaş və dostdurlar.
Torpağın altında, Almaniyanın Münhen şəhərində iki nəfər zirzəmidə dayanıb söhbət edirdi. Lətifə başlığına oxşayır:
- Bir sözlə, zirzəmidə alman və yəhudi oturub...
Lakin bu lətifə deyildi.
Əsərdə ən çox rastlaşacağımız personajlardan biri də Lizellə eyni küçədə yaşayan və onun ən yaxın dostu olan Rudi Ştaynerdir. Dava ilə başlayaraq sıx dostluğa çevrilən Lizel və Rudinin münasibətləri əsl dostluq və sevgi nümunəsidir. O, Lizelin suç ortağına çevrilir.
İrqçilik bütün dövrlərdə olduğu kimi bu dövrdə də Avropda aktual olaraq qalırdı. Balaca alman uşaq dünyanın ən sürətli qaçan insanı olmaq istəyir. Onun kumiri isə qara dərili Cessi Ouenzdir. Rudi üz- gözünü qaraya boyayanda daha sürətli qaçacağını düşünür. Kiçik oğlanın dünyası irqlərə və rənglərə bölünmürdü.
Oğul, eşidirsən, qaraya boyanıb küçədə gəzişmək olmaz?
- Ata, niyə olmaz?
- Çünki səni apararlar.
- Niyə?
- Çünki qara olmağı istəmək olmaz və ya yəhudi, ya da bizdən olmayan kimsə.
- Bəs bu yəhudilər kimdir?
- Bu alman və ya katolik olmaq kimidir.
- Ata, mən sadəcə Cessi Ouenz kimi olmaq istəyirəm!
- Bilirəm, oğul. Sənin əla sarı saçların və böyük etibarlı mavi gözlərin var. Belə olduğuna görə xoşbəxt olmalısan, başa düşdün?
Lizelə "kitab oğrusu" deyə ilk müraciət edən də Rudi olur.
Qaranlıq əzab tunelinin sonunda hər zaman bir işıq var. Lizel sözlərin mahiyyətini anladıqca, bir müddət keçdikdən sonra artıq öz hekayəsini yazmağa başlamışdı. Adı da "Kitab Oğrusu". Öz hekayəsini yazmaq qərarına gəldikdə, öz-özünə sual verdi. Kitablar və sözlər nə vaxt nəyisə yox, hər şeyi bildirməyə başladı? Yaşadıqları məhlə bombardman olunan zaman o zirzəmidə hekayəsini yazırdı. Hekayəsinin birinci səhifəsində yazır: "Bütün bunların qatarla, qarla və öskürən qardaşımla başladığını bilirəm. İlk kitabımı o gün oğurladım. Məzar qazmaqla əlaqədar bir əl kitabı idi və onu oğurlayıb Himmel Küçəsichr("39")nə gətirdim."
Kitab oğrusu illər sonra ölümün oğrusuna çevrilir. Müəllif Markus Zusak qəhrəmanının həyatını öz doğma şəhəri olan Sidneydə sonlandırır. Ölüm qızın yazdığı hekayəsini ona təhvil verir. "Kitab oğrusu" hekayəsini... Təhkiyəçi Lizelə və oxucuya tək bildiyi həqiqəti söylədi.
Sizin rəvayətçinizin son qeydi
"İnsanlar mənim lənətimdir"
Nigar Orucova
Olaylar.az