Görkəmli bəstəkar Tofiq Quliyevin xatirəsi yad olunub
Görkəmli bəstəkar Tofiq Quliyevin xatirəsi yad olunub
8 Noyabr 2019 12:09 MədəniyyətAzərbaycan Bəstəkarlar İttifaqının üzvləri Fəxri xiyabana gələrək görkəmli bəstəkar, Xalq artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevin (1917-2000) doğum günündə məzarını ziyarət ediblər. Məzarın önünə tər çiçəklər düzülüb, ustad nəğməkarın xatirəsi ehtiramla yad olunub.
Olaylar.az bildirir ki, anım mərasimində çıxış edən qurumun rəhbəri Xalq artisti, professor Firəngiz Əlizadə bəstəkarın həyat və yaradıcılığı haqqında danışaraq bildirib ki, Tofiq Quliyev Azərbaycan musiqisində mühüm xidmətləri olan sənətkarlardandır. T.Quliyevin Üzeyir Hacıbəylinin təşəbbüsü ilə təhsilini Moskvada davam etdirdiyini deyən F.Əlizadə qeyd edib ki, tələbəlik illərində Bülbülün təşəbbüsü ilə "Rast", "Zabul" muğamlarını nota köçürüb. Azərbaycan Dövlət Konservatoriyasında dərs deyən bəstəkar 1958-ci ildə filarmoniyanın bədii rəhbəri, sonradan direktoru olub. O, ilk caz orkestrinin yaradılmasında fəal iştirak edib. Ümumilikdə 80-dən artıq filmə, 50-yə yaxın teatr tamaşasına musiqilər yazıb. Bu musiqilər xalqımızın yaddaşında silinməz iş qoyub.
Azərbaycan Bəstəkarlar İttifaqının üzvləri görkəmli bəstəkarla bağlı xatirələrini bölüşüblər. Vurğulanıb ki, Tofiq Quliyevin yaradıcılığı geniş və rəngarəng olmaqla həmişə diqqəti cəlb edib.
Qeyd olunub ki, Tofiq Quliyev 5 musiqili komediya bəstələyib, valslar, fortepiano üçün prelüd, variasiyalar yazıb. O, daha çox estrada musiqisinin ustadı kimi tanınıb. Lirik, şux, nikbin və oynaq çalarlı musiqiləri dillər əzbəridir.Bununla yanaşı, bəstəkarın "Bəxtiyar", "Ögey ana", "Nəsimi" və bir çox filmlərə bəstələdiyi musiqilər, həmin filmləri daha da baxımlı edib.
Tədbirin sonunda bəstəkarın oğlu, Xalq artisti, kinorejissor Eldar Quliyev anım mərasiminə qatılan hər kəsə təşəkkürünü bildirərək qeyd edib ki, 1997-ci ildə bəstəkarın 80 illiyinə həsr olunan təntənəli yubiley mərasimində ulu öndər Heydər Əliyev Tofiq Quliyevə xitabən deyib ki, vaxt gələcək hər şey dəyişəcək, yaddan çıxacaq, ancaq onun musiqisi yaşayacaq. Bu gün həmin fikir öz təsdiqini tapmaqdadır.