"Vaqif" operası nümayiş olundu
"Vaqif" operası nümayiş olundu
7 Noyabr 2019 16:24 MədəniyyətAzərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli Azərbaycan bəstəkarı Ramiz Mustafayevin "Vaqif" operasının tamaşası keçirilmişdir.
Olaylar.az bildirir ki, Səməd Vurğunun eyni adlı pyesinin motivləri əsasında qələmə alınmış opera böyük şair Molla Pənah Vaqifin keşməkeşlərlə dolu həyatı və mübarizəsindən bəhs edir. Opera dəfələrlə müxtəlif redaksiya və quruluşlarda Teatrda səhnəyə qoyulmuş və Azərbaycanın ən məşhur vokal ustaları bu tamaşada maraqlı obrazlar yaratmışlar.
Noyabrın 6-da baş tutan tamaşada Vaqif rolunu istedadlı gənc vokalçı, Azərbaycanın Əməkdar artisti Ramil Qasımov ifa etmişdir.
Tamaşada həmçinin Əməkdar artistlər Fəridə Məmmədova (Xuraman), Fərid Əliyev (Qacar), Cahangir Qurbanov (Eldar), Tural Ağasıyev (Əlibəy), Azərbaycanın Xalq artistləri Əli Əsgərov (Vəzir), Əkrəm Poladov (Vidadi), beynəlxalq müsabiqələr laureatı Taleh Yahyayev (İbrahim xan) və b. çıxış etmişlər.
Tamaşanı Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin və "Humay" milli mükafatının laureatı Əyyub Quliyev idarə etmişdir.