Aida İmanquliyevaya həsr olunan biblioqrafiya və elektron məlumat bazası təqdim edildi
Aida İmanquliyevaya həsr olunan biblioqrafiya və elektron məlumat bazası təqdim edildi
6 Noyabr 2019 12:06 MədəniyyətM.F.Axundzadə adına Milli Kitabxanada "Azərbaycanın görkəmli şəxsiyyətləri" seriyasından nəşr edilən "Aida İmanquliyeva. Biblioqrafiya" kitabının və "Aida İmanquliyeva - 80" elektron məlumat bazasının təqdimat mərasimi keçirildi.
Olaylar.az bildirir ki, tədbirdə Mədəniyyət Nazirliyi Aparatının rəhbəri Fikrət Babayev, AMEA-nın əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak edirdi.
Kitabxananın direktoru, professor Kərim Tahirov tədbiri açaraq bildirdi ki, görkəmli Azərbaycan şərqşünası, tərcüməçi, professor Aida İmaquliyevanın 80 illiyinə həsr edilmiş biblioqrafiya alimin yubileyinə Mədəniyyət Nazirliyi və Milli Kitabxananın kiçik töhfəsidir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova biblioqrafiyanı yüksək dəyərləndirdi və Aida xanımın irsinin öyrədilməsi baxımından nəşrin əhəmiyyətini qeyd etdi.
AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi Nərgiz Axundova bildirdi ki, Aida xanım tədris prosesində ədəbiyyatla, fəlsəfə ilə bağlı fikirləri həmişə tələbələri heyran edirdi. AMEA Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, akademik Gövhər Baxşəliyeva çıxışında dedi: "Dərin nəzəri bilikləri, analitik təfəkkürü, zəngin mütaliəsi və bir neçə dil bilməsi, eləcə də apardığı tədqiqatlar, yazdığı əsərlər qısa vaxt ərzində Aida xanıma bütün sovetlər birliyində və onun hüdudlarından kənarda şöhrət qazandırmışdı. Elm aləmində nadir istedada malik elə şəxsiyyətlər var ki, onların elmə gətirdiyi yenilik və çəkdikləri zəhmətin tam həcmi zaman və elmi təfəkkür inkişaf edib zənginləşdikcə aydın dərk edilir. İstedadlı alim, ictimai xadim, gözəl qadın və ana olan Aida İmanquliyeva belə alimlərdən, belə şəxsiyyətlərdəndir".
Millət vəkili, akademik Nizami Cəfərov, Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin dekanı, professor Elxan Əzizov Aida İmanquliyevanın elmi ictimaiyyətin hörmətini qazanmış nüfuzlu alim kimi fəaliyyətindən söz açdılar.
Tədbirdə görkəmli şərqşünas alimə həsr olunan sənədli filmdən fraqmentlər nümayiş etdirildi. Sonra sözləri alimin qızı, akademik Nərgiz Paşayevaya, musiqisi Əməkdar incəsənət xadimi Nailə Mirməmmədliyə məxsus olan "Əlvida" mahnısı Xalq artisti Brilliant Dadaşovanın ifasında səsləndirildi.