“Yurt sevdası” kitabı İstanbulda təqdim edildi
“Yurt sevdası” kitabı İstanbulda təqdim edildi
4 Noyabr 2019 15:04 Mədəniyyət" İstanbul Beynəlxalq Kitab Sərgisində yazıçı-publisist Sona Vəliyevanın "Yurt sevdası" kitabının təqdimatı olub.
Olaylar.az bildirir ki, 2019-cu ildə Türkiyənin "Zəngin yayıncılık" nəşriyyatı tərəfindən beş min tirajla dərc olunan kitabın tərcüməçisi şair-yazıçı Yurtsevən Şəndir. Kitabda Sona Vəliyevanın Qarabağ, vətən, sevgi, millətə inam mövzularında 100-dən çox müxtəlif janrlarda şeirləri yer alıb.
Təqdimatda kitab haqqında danışan Y.Şən Azərbaycan coğrafiyasının türk milləti üçün tarix boyunca ən ağrılı bölgələrdən biri olduğunu qeyd edib.
Təntənəli şəkildə keçirilən təqdimetmə mərasimində kitaba olan diqqət, ziyalıların və türk şairlərinin fikirləri bu nəşrin türk oxucusu tərəfindən yüksək rəğbətlə qarşılandığını göstərib.
Tədbirdə Azərbaycanın İstanbuldakı Baş konsulu Məsim Hacıyev, konsulluğun əməkdaşları, Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver, ziyalılar, Türkiyədə yaşayan azərbaycanlılar və türkiyəli oxucular iştirak ediblər.
Qeyd edək ki, "Zəngin yayıncılık" nəşriyyatında indiyədək 60-a yaxın Azərbaycan kitabları türk dilinə tərcümə olunub.