Muzeydə Hacı Zeynalabdin Tağıyevin kötükcəsi ilə görüş keçirilib
Muzeydə Hacı Zeynalabdin Tağıyevin kötükcəsi ilə görüş keçirilib
1 Noyabr 2019 16:31 MədəniyyətNoyabrın 1-də AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin ikinci oğlu Sadıqın kötücəsi, hazırda Fransda yaşayan və ixtisasca tarixçi olan Alban Klod ilə görüş keçirilib. Görüşdə muzeyin əməkdaşları, Hacı Zeynalabdin Tağıyevin Bakıda yaşayan qohumları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Olaylar.az bildirir ki, qonaqları salamlayan muzeyin direktoru, akademik Nailə Vəlixanlı rəhbərlik etdiyi müəssisənin yaranma tarixi barədə ətraflı məlumat verib. Bildirib ki, ilk dövlət muzeyi olan bu mədəniyyət ocağı böyük xeyriyyəçi, görkəmli ictimai xadim Hacı Zeynalabdin Tağıyevin sarayında fəaliyyətə başlayıb, ilk ziyarətçilərini 1921-ci ilin mayında qəbul edib.
Muzeyin direktoru Hacı Zeynalabdin Tağıyevin ictimai, maarifçilik, xeyriyyəçilik fəaliyyətindən bəhs edərək, onun xatirəsinin əbədi olaraq xalqımızın yaddaşında yaşayacağını bildirib.
Babasının evində olmaqdan məmnunluğunu ifadə edən Alban Klod görüşə görə muzeyin rəhbərliyinə minnətdarlığını bildirib. O, nənəsi Zərrintac xanımın Parisdə çətinliklərlə dolu mühacir həyatından danışıb. Bildirib ki, Zərrintac Tağıyeva Bakıdan sürgün edildikdən sonra Fransaya gedib və ömrünün sonuna qədər orada yaşayıb.
Ölkəmizə ilk dəfə gəldiyini deyən A. Klod növbəti səfərində H.Z.Tağıyev nəsli ilə bağlı onda olan sənədləri muzeyə təqdim edəcəyini vurğulayıb.
Daha sonra böyük xeyriyyəçinin digər qohumları çıxış edərək Alban Klodu tanımaqdan məmnun olduqlarını bildiriblər.
Sonda N.Vəlixanlı Hacı Zeynalabdin Tağıyevin həyatına və xeyriyyəçilik fəaliyyətinə həsr olunmuş kitab-albom və kataloqları qonağa hədiyyə edib.