Paytaxtımızın UNESKO-nun “Yaradıcı şəhərlər şəbəkəsi”ndə yer alması böyük əhəmiyyət kəsb edir

Paytaxtımızın UNESKO-nun “Yaradıcı şəhərlər şəbəkəsi”ndə yer alması böyük əhəmiyyət kəsb edir

31 Oktyabr - Dünya Şəhərlər Günü münasibətilə UNESKO 48 ölkədən 66 şəhəri "Yaradıcı şəhərlər şəbəkəsi"nə daxil edib. Azərbaycan Respublikasının Mədəniyyət və Xarici İşlər nazirlikləri və ölkəmizin UNESKO yanındakı Daimi Nümayəndəliyinin səyləri nəticəsində Bakı şəhəri də bu şəbəkəyə salınıb. Paytaxtımız şəbəkənin "dizayn" tematikası üzrə siyahıya daxil edilib.

Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov çıxış edərək bildirib ki, bu əlamətdar hadisə ilə əlaqədar gün ərzində çoxsaylı media nümayəndələrinin müraciəti nəzərə alınaraq görüş təşkil olunub. Media mənsublarının suallarını Mədəniyyət Nazirliyinin Aparatı rəhbərinin müavini - Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə və şöbənin Beynəlxalq əlaqələr və innovasiyalar sektorunun müdiri Ramil Abbəkirov cavablandıracaq.

Vasif Eyvazzadə diqqətə çatdırdı ki, paytaxt Bakı səhərinin UNESKO-nun "Yaradıcı şəhərlər şəbəkəsi"nə qoşulması ölkəmiz üçün tarixi hadisədir. Ümumilikdə bu şəbəkəyə 246 şəhər daxildir. "Yaradıcı şəhərlər şəbəkəsi" inkişafını yaradıcılıq - musiqi, sənət və sənətkarlıq, dizayn, kino, ədəbiyyat, rəqəmsal incəsənət və qastronomiya üzərində quran şəhərləri bir araya gətirir. Şəbəkə innovasiya və yaradıcılığı yeni şəhər strategiyasının davamlı və daha inklüziv inkişafının əsas faktoru hesab edir.

Qeyd edək ki, bu şəbəkəyə daxil olmanın xüsusi hüquqi normaları və proqramı mövcuddur. Bu proqrama tək şəhərin fiziki inkişafı deyil, həm də iqtisadi durumu, innovasiya və texnologiyalara meyilliliyi, keçirilən beynəlxalq tədbirlərin əhəmiyyəti, turistlərin şəhərə gəlmək imkanları və s. amillər daxildir. Hər üç ildən bir "Yaradıcı şəhərlərin qlobal forumu" keçirilir. Forumda bu istiqamətdə həyata keçirilən bu yeniliklərlə bağlı məlumat təqdim edilir.  

Tədbirdə da bildirildi ki, Azərbaycan Respublikası ilə UNESKO arasında əməkdaşlıq əlaqələri uğurla davam etdirilir. Növbəti illərdə bu əməkdaşlıq çərçivəsində digər şəhərlərimizin də bu şəbəkədə təmsil olunması ilə bağlı addımlar nəzərdə tutulub.

Sonra media nümayəndələrinin suallarını cavablandırıldı. Sonda şöbə müdiri İntiqam Hümbətov bu əlamətdar hadisəyə həssas münasibətlərinə görə media təmsilçilərinə təşəkkürünü bildirdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31