Xalq rəssamı Arif Hüseynovun “Kitab qrafikası” adlı fərdi sərgisi açılıb
Xalq rəssamı Arif Hüseynovun “Kitab qrafikası” adlı fərdi sərgisi açılıb
31 Oktyabr 2019 12:59 Mədəniyyət"Azərkitab" kitab mərkəzində Xalq rəssamı Arif Hüseynovun böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illiyinə həsr olunmuş "Kitab qrafikası" adlı fərdi sərgisi və "Arif Hüseynov-qrafika" kitabının təqdimatı olub.
Olaylar.az bildirir ki, tədbir Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı, "Azərkitab" kitab mərkəzinin təşəbbüsü ilə reallaşıb.
Tədbiri giriş sözü ilə açan mərkəzin layihə rəhbəri Sabir Həsənov qədim dövrlərdən başlayaraq xalqımızın qürurdoğurucu tarixini şərəfləndirən və onu dünyada məşhurlaşdıran kitab mədəniyyətimiz barədə məlumat verib.
Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev bildirib ki, tələbəlik illərindən məşhur "Göyərçin" jurnalı ilə əməkdaşlığa başlayan və hazırda onun baş rəssamı vəzifəsini daşıyan Arif Hüseynov ədəbiyyata sıx bağlı sənətkarlarımızdandır. Prezident Administrasiyasının sektor müdiri Qafar Əliyev Xalq rəssamının yaradıcılığından söhbət açaraq ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Tədbirdə Əməkdar incəsənət xadimi İlham Rəhimli, Xalq artisti İlham Namiq Kamal, Xalq rəssamı Fərhad Xəlilov, Xalq yazıçısı Natiq Rəsulzadə və başqaları çıxış edərək Arif Hüseynovun yaradıcılığının özünəməxsusluğundan söhbət açıblar.
Sonda Xalq rəssamı Arif Hüseynov çıxış edərkən kitabın insan həyatında əhəmiyyətli rol oynadığını, illüstrasiya etdiyi hər kitabla təklikdə qalanda onu dərindən hiss etdiyini qeyd edib. Tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirən Xalq rəssamı onları sərgi ilə tanış olmağa dəvət edib.
Sərgidə rəssamın İmadəddin Nəsimiyə həsr olunmuş eklibris və rəsm əsərləri nümayiş edilib.