Tanınmış alman dirijoru Opera və Balet Teatrının səhnəsində çıxış edəcək
Tanınmış alman dirijoru Opera və Balet Teatrının səhnəsində çıxış edəcək
31 Oktyabr 2019 11:10 MədəniyyətNoyabrın 9-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Pyetro Maskaninin "Kənd namusu" operasının tamaşası keçiriləcəkdir.
Olaylar.az bildirir ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında "Kənd namusu" operası ilk dəfə 2015-ci ildə Almaniyalı rejissor Lüdviq Bauman tərəfindən səhnəyə qoyulmuşdu. Tamaşanın musiqi rəhbəri və dirijoru isə Korneliya fon Kerssenbrok idi. Həmin vaxtdan Teatrın repertuarına daxil edilən bu operanın hər tamaşası sənətsevərlər tərəfindən böyük maraqla qarşılanır və geniş tamaşaçı auditoriyası toplayır.
Bu dəfə də tamaşanı idarə etmək üçün Bavariya Qut-İmmlinq opera sənəti festivalının bədii rəhbəri və baş dirijoru Korneliya fon Kerssenbrok dəvət olunmuşdur.
Qeyd edək ki, Korneliya fon Kerssenbrok artıq uzun illərdir ki, Azərbaycan Opera və Balet Teatrı ilə sıx əməkdaşlıq edir.
Tamaşada Teatrın aparıcı solistlərindən Xalq artisti Samir Cəfərov, Əməkdar artistlər Afaq Abbasova, Səbinə Vahabzadə, solistlər Taleh Yahyayev və Nina Makarova (Lola) çıxış edəcəklər. Tamaşanın xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.