Azərbaycan bəstəkarlarının X qurultayı başa çatdı - Firəngiz Əlizadə yenidən sədr seçildi

Azərbaycan bəstəkarlarının X qurultayı başa çatdı -Firəngiz Əlizadə yenidən sədr seçildi

Oktyabrın 30-da Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) növbəti - X qurultayı keçirilib.

Xalq artisti Firəngiz Əlizadə növbəti dəfə Azərbaycan Bəstəkarlar İttifaqının sədri seçilib.

Olaylar.az bildirir ki, qurultayda ABİ-nin sədri, Xalq artisti Firəngiz Əlizadənin hesabatı dinlənilib.

O, son illərdə qazanılan uğurlardan, həyata keçirilmiş layihələrdən, gənc istedadlara göstərilən dövlət qayğısından danışıb.

Qeyd edilib ki, 2013-2019-cu illəri əhatə edən hesabat dövründə bəstəkar və musiqişünaslar öz yaradıcılıqları ilə Azərbaycan musiqi mədəniyyətini inkişaf etdirib, yeni əsərlərlə milli bəstəkarlıq məktəbinin ənənələrini layiqincə qoruyub saxlayıb.

Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək bəstəkarlıq məktəbinin inkişafından, ölkəmizdə mədəniyyət sahəsinə göstərilən diqqət və qayğıdan söz açıb.

O bildirib ki, Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Azərbaycan musiqisinə göstərdikləri qayğı göz önündədir: "Bir çox ölkələrdə sənət adamlarına fəxri adlar, təqaüdlər, mənzillər verilmir. O ölkələrdə yaradıcılıq biznes mühitinə çevrilib. Azərbaycanda isə yaradıcılığa verilən dəstək məlumdur. Sirr deyil ki, həm yaradıcılıq ittifaqlarının fəaliyyətinə diqqət edilir, həm də fərdi şəkildə yaradıcı şəxslərə dəstək göstərilir".

Artıq Azərbaycanda bir sıra dünya səviyyəli festivallar təşkil olunduğunu bildirən nazir deyib ki, yaranan hər yeni əsər təkcə hansısa bəstəkar üçün deyil, bütövlükdə xalqımız üçün də əhəmiyyətli hadisədir.

Sonra ABİ-nin rəhbər orqanlarına seçkilər keçirilib. 21 nəfərdən ibarət idarə heyəti və 5 nəfərdən ibarət nəzarət-təftiş komissiyası müəyyənləşib.

Nəzarət-təftiş komissiyasının üzvü Elnarə Dadaşovanın məruzəsi dinlənilib.

Sonra qurultay iştirakçıları açıq səsvermədə Xalq artisti Firəngiz Əlizadəni yekdilliklə yenidən 5 il müddətinə İttifaqın sədri seçiblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31