Nazir ABŞ-ın yəhudi icmasının nümayəndələri ilə görüşüb

Nazir ABŞ-ın yəhudi icmasının nümayəndələri ilə görüşüb

Oktyabrın 30-da Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev Bakıda səfərdə olan ABŞ yəhudi icmasının nümayəndələri -lobbiçilik xidməti üzrə fəaliyyət göstərən AJC təşkilatının Rusiya və Avrasiya məsələləri üzrə direktoru Sam Kliger və "Bukharian Times" qəzetinin baş redaktoru Rafael Nektalov ilə görüşüb.

Olaylar.az bildirir ki, qonaqları səmimiyyətlə salamlayan Əbülfəs Qarayev onları ölkəmizdə görməkdən məmnunluğunu bildirib.

Nazir Azərbaycanda mədəniyyət sahəsində həyata keçirilən dövlət siyasətindən danışaraq ölkə mədəniyyətinin təbliği istiqamətində görülən işlər haqqında qonaqlara məlumat verib. Qeyd edilib ki, tarixi İpək Yolunun üzərində yerləşən Azərbaycan zəngin mədəniyyətə, tarixi və arxeoloji abidələrə sahibdir. Bu irsin qorunması, bərpası və təbliği sahəsində müxtəlif layihələr gerçəkləşdirilir. Nazir həmçinin Ermənistanın ölkəmizə hərbi təcavüzündən söz açaraq işğal olunmuş torpaqlarımızda xalqımızın mədəni isinin talan edildiyini, tarixi-mədəni abidələrin dağıdıldığını diqqətə çatdırıb.

Səmimi qəbula görə minnətdarlığını bildirən Sam Kliger Azərbaycan xalqı və yəhudi icması arasında mədəni əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Qonaq qeyd edib ki, bu əlaqələrin nəinki mədəniyyət, bütün sahələrdə gücləndirilməsinə xidmət edəcək birgə layihələrin reallaşdırılması lazımdır.

Baş redaktor Rafael Nektalov Mədəniyyət Nazirliyinin bir çox ölkələrlə mədəniyyət üzrə təcrübə mübadiləsi apardığını yüksək qiymətləndirərək, musiqi sahəsi üzrə təhsil alan azərbaycanlı tələbələrin ABŞ-da təhsil-təcrübə keçməsi, eləcə də ölkəmizdə Yəhudi festivalının keçirilməsi ilə bağlı təklif və istəklərini diqqətə çatdırıb.

Tərəflər müxtəlif istiqamətlər üzrə əməkdaşlığın inkişaf etdirilməsinə hazır olduqlarını bildiriblər. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31