Akademik Milli Dram Teatrına dövlət statusu verilməsinin 100 illiyi təntənə ilə qeyd edilib
Akademik Milli Dram Teatrına dövlət statusu verilməsinin 100 illiyi təntənə ilə qeyd edilib
30 Oktyabr 2019 12:04 MədəniyyətAzərbaycan Dövlət Akademik Milli Dram Teatrına dövlət statusu verilməsinin 100 illiyi münasibətilə təntənəli tədbir keçirilib. Olaylar.az bildirir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, ictimaiyyət nümayəndələri, mədəniyyət xadimləri iştirak ediblər.
Əvvəlcə qonaqlar teatrın foyesində sənət ocağının 100 illiyinə həsr edilmiş fotosərgi ilə tanış olub və görkəmli aktyorlarımızın tarixi rolları canlandırarkən istifadə etdikləri geyimlərə baxıblar.
Təntənəli yubiley gecəsi Mədəniyyət Nazirliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının və Akademik Milli Dram Teatrının təşkilatçılığı, Azərbaycan Dövlət Teatr Muzeyinin dəstəyi ilə reallaşıb.
Qonaqları salamlayan Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti, professor Azər Paşa Nemətov teatrın tarixinə nəzər salıb, görülən işlərdən və əldə olunan uğurlardan söz açıb.
Gecədə "Ulu öndər Heydər Əliyev və teatr" və "Prezident İlham Əliyev və teatr" mövzularında videoçarxlar nümayiş etdirilib.
Teatrın kollektivini təbrik edən Mədəniyyət naziri Əbülfəs Qarayev Azərbaycan teatr sənətinin qədim və zəngin tarixi yol keçdiyini, ötən 147 illik zaman kəsiyində cəmiyyətin mənəviyyatının mənbəyi rolunu oynadığını bildirib.
Nazir Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın diqqəti nəticəsində teatrlarımızın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu vurğulayıb.
Ə.Qarayev bu gün Zəngilanın işğalından 26 il ötdüyünü vurğulayaraq qeyd edib ki, Azərbaycan mədəniyyətinə daim təcavüz olunub. O deyib: "Bu təcavüzə layiqli cavab isə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyinin keçirilməsidir. Prezident İlham Əliyevin səyləri nəticəsində torpaqlarımız geri qayıdacaq və bu gün məcburi qaçqın taleyi yaşayan teatrlarımız geri dönərək fəaliyyətlərini orada davam etdirəcəkdir".
O, sonra Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyi münasibətilə teatr əməkdaşlarının təltif edilməsi haqqında sərəncamlarını oxuyub.
Gecədə teatrın sənət yolu, burada fəaliyyət göstərən dramaturqlar, rejissorlar, rəssamlar, bəstəkarlar və korifey aktyorlar haqqında videoçarxlar nümayiş olunub.
Dünya teatr xadimləri və rejissorlarından - Gürcüstan Teatr Xadimləri Cəmiyyətinin sədri Georgi Qeqeçkori və Lado Mesxişvili adına Kutaisi Dövlət Peşəkar Dram Teatrının bədii rəhbəri Konstantin Abaşidze, Beynəlxalq Çexov Teatr Festivalının baş direktoru, Beynəlxalq Teatr İttifaqları Konfederasiyasının sədri Valeri Şadvin, Şota Rustaveli adına Gürcüstan Dövlət Akademik Teatrının bədii rəhbəri, SSRİ Xalq artisti Robert Sturua və başqaları çıxışlarında teatrın kollektivini təbrik ediblər.
Gecədə Bolqarıstan Milli Teatrının direktoru Marius Donkinin, Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının sədri Aleksandr Kalyaginin, Aleksandrinski Teatrının bədii rəhbəri Valeri Fokinin, Moskva Satira Teatrının bədii rəhbəri Aleksandr Şirvintin, Sankt-Peterburq Malıy Dram Teatrının bədii rəhbəri və direktoru Lev Dodinin təbrikləri səsləndirilib.
Mərasimdə, eyni zamanda, teatrın 100 illik yubileyinə həsr olunan "Akademik Milli Dram Teatrı - 100" kitab-albomu təqdim edilib.