“İsi Məlikzadə. Qatarda” hekayələr toplusu təqdim edildi
“İsi Məlikzadə. Qatarda” hekayələr toplusu təqdim edildi
29 Oktyabr 2019 15:49 MədəniyyətOktyabrın 29-da M.F. Axundzadə adına Milli Kitabxanada Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi İsi Məlikzadənin anadan olmasının 85 illiyi münasibətilə çap olunmuş "İsi Məlikzadə. Qatarda" hekayələr toplusunun təqdimatı keçirilib.
Kitab Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşəbbüsü ilə çap olunub.
Olaylar.az bildirir ki, tədbirdə çıxış edən kitabxananın direktoru Kərim Tahirov İsi Məlikzadənin əsərlərinin rus yazıçısı Anton Çexovun yaradıcılığı ilə müqayisə oluna biləcəyini söyləyib və onun duzlu-şirin yazıları ilə ədəbiyyat tarixində əbədi yaşayacağını qeyd edib.
AYB-nin sədri, Xalq yazıçısı Anar deyib: "İsi Məlikzadə ötən əsrin 60-cı illərinə mənsub olan ən istedadlı yazıçılardan biri olub. Ona klassik yazıçı deməyə haqqımız çatır. Əsərlərində qarabağlıların bənzərsiz yumorunu çox böyük koloritlə qələmə alıb. Yazıçının əsərlərinin qəhrəmanları da real həyatdan götürülüb".
Onun sözlərinə görə, istedadlı yazıçının dünyadan vaxtsız getməsinə Qarabağ hadisələri səbəbi olub, çünki bu hadisələri o, ürəkdə yaşayıb.
AYB-nin katibi Rəşad Məcid kitabın hazırlanmasında baş redaktoru olduğu "525-ci qəzet"in böyük əməyi olduğunu vurğulayıb. Bildirib ki, bu günə qədər İsi Məlikzadənin latın qrafikasıyla kitabı çap olunmayıb. Kitabda tanınmış ədiblərimizin fikirləri də əksini tapıb.
Milli Məclisin deputatları Aqil Abbas və Tahir Rzayev yazıçı haqqında xatirələrini bölüşüblər.
Filologiya elmləri doktoru Asif Rüstəmli Milli Kitabxanaya, Yazıçılar Birliyinə və kitabın ərsəyə gəlməsində zəhməti olanlara təşəkkür edərək bildirib ki, bu kitab İsi Məlikzadənin yubileyinə ən sanballı töhfədir.