“Milli musiqi xəzinəmizdən” layihəsi üzrə işıq üzü görən ilk nəşrlərin təqdim edildi

“Milli musiqi xəzinəmizdən” layihəsi üzrə işıq üzü görən ilk nəşrlərin təqdim edildi

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında "Milli musiqi xəzinəmizdən" layihəsi üzrə ilk nəşrlərin - görkəmli bəstəkarlar, SSRİ Xalq artisti Fikrət Əmirovun və Əməkdar incəsənət xadimi Elmira Nəzirovanın fortepiano üçün əsərlərindən ibarət not məcmuələrinin təqdimat mərasimi keçirildi.

Olaylar.az bildirir ki, təqdimat mərasimi Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə reallaşdı.

Milli Kitabxananın direktoru Kərim Tahirov çıxış edərək layihə haqqında məlumat verdi. Vurğuladı ki, Milli Kitabxana sözügedən layihəni Mədəniyyət Nazirliyi ilə birlikdə üç il müddətində ərsəyə gətirib.

Mərasimdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev not məcmuələrinin ərsəyə gəlməsini və onların kitabxananın elektron portalında yerləşdirilməsini yüksək qiymətləndirdi, bu işdə zəhməti olan hər kəsə təşəkkürünü bildirdi: "Biz bu layihənin təqdimatını Azərbaycan Bəstəkarlar İttifaqının qurultayı çərçivəsində keçirməyi qərara aldıq. Bu günədək Azərbaycan mədəniyyətinin, musiqisinin xaricdə təbliği istiqamətində bir sıra önəmli layihələr həyata keçirilib. Son 10 ildə 676 adda kitabın nəşrinə nail olmuşuq".

Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti, professor Siyavuş Kərimi dedi ki, Mədəniyyət Nazirliyi və Milli Kitabxananın göstərdiyi bu təşəbbüs təqdirəlayiqdir: "Bu işin ərsəyə gəlməsi o deməkdir ki, bizim bu sahədə biliyimiz zənginləşəcək. Belə layihələrlə Azərbaycan musiqi mədəniyyəti geniş auditoriyaya çatdırılır. Düşünürəm ki, görülən iş bütün musiqi məktəbləri üçün çox gözəl ərməğandır".

Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Xalq artisti Sərdar Fərəcov, Bakı Musiqi Akademiyasının professoru Ülviyyə Hacıbəyova və bir sıra musiqi məktəblərinin rəhbərləri çıxış edərək layihənin önəmini vurğuladılar. Bu işdə zəhməti olanlar minnətdarlıq ifadə edildi.

Daha sonra təqdimat mərasimi müzakirələrlə davam etdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31