Bəstəkarlar İttifaqının 85 illiyinə həsr olunmuş musiqi festivalının açılışı olub
Bəstəkarlar İttifaqının 85 illiyinə həsr olunmuş musiqi festivalının açılışı olub
28 Oktyabr 2019 13:41 MədəniyyətM.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Bəstəkarlar İttifaqının 85 illiyinə həsr olunmuş musiqi festivalının açılışı olub.
Olaylar.az bildirir ki, açılış mərasimində Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə çıxış edərək əsası dahi bəstəkar Üzeyir Hacıbəyli tərəfindən qoyulan qurumun fəaliyyəti barədə məlumat verib. Bildirib ki, Azərbaycan Bəstəkarlar İttifaqı yarandığı gündən musiqi mədəniyyətinin inkişafında çox əhəmiyyətli rol oynayır. Bu təşkilatın başında həmişə böyük sənətkarlar, şəxsiyyətlər olub.
Bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyən F.Əlizadə deyib ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən beynəlxalq miqyaslı layihələrdə Azərbaycan Bəstəkarlar İttifaqı da yaxından iştirak edir.
Yubiley münasibətilə təşkil olunan musiqi festivalı barədə danışan Firəngiz Əlizadə qeyd edib ki, oktyabrın 28-dək davam edəcək festival çərçivəsində silsilə tədbirlər keçiriləcək.
Tədbirdə Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək Azərbaycan bəstəkarlıq məktəbinin ənənələrinin bu gün də uğurla davam etdirildiyini söyləyib. Nazir bildirib ki, Azərbaycanın müstəqilliyi dövründə bu qurumun özünün yaradıcılıq potensialını səfərbər edərək ölkənin mədəni həyatında layiqli bir yer tutması əlamətdar haldır. İttifaq Azərbaycan musiqisinin inkişafında mühüm rol oynayıb. Müxtəlif dövrlərdə bu quruma rəhbərlik edən Qara Qarayev, Tofiq Quliyev və digərləri Azərbaycan musiqisinin inkişafına dəyərli töhfələr veriblər.
Azərbaycan Bəstəkarlar İttifaqının fəaliyyətini yüksək qiymətləndirən nazir musiqimizin tanınmasında və daha geniş təbliğ olunmasında, yeni əsərlərin ərsəyə gəlməsində, müxtəlif layihələrin həyata keçirilməsində qurumun böyük rolu olduğunu söyləyib.
Qeyd olunub ki, Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunan müxtəlif festivallarda Bəstəkarlar İttifaqı da fəal iştirak edir.
Nazir qeyd edib ki, Ağa Xan Fondu ("Aga Khan Foundation") bu il ilk dəfə olaraq musiqi sahəsində beynəlxalq mükafat ("Aga Khan Music Award") təsis edib. Bəstəkarlıq sahəsində mükafatın ilk laureatının azərbaycanlı bəstəkar və pianoçu, 2007-ci ildə UNESKO-nun "Sülh artisti" ("Artist for Peace") adına layiq görülmüş Firəngiz Əlizadə olması hamımızı sevindirib.
Festivalın ilk günündə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin (dirijor - M.Mehmandarov) müşayiəti ilə geniş konsert proqramı təqdim olunub. Festivala Üzeyir Hacıbəylinin "Koroğlu" operasından uvertüranın səslənməsi ilə start verilib.
Gecədə Tofiq Bakıxanovun İhsan Doğramacının xatirəsinə həsr etdiyi 6 saylı "Türk Simfoniyası", Azər Dadaşovun 13 saylı Simfoniyası - "Ad Victoriam", Cahangir Zülfüqarovun "Ümid adası" qravüraları (solist - respublika müsabiqəsi laureatı Əminə Zülfüqarova (fleyta), Cəlal Abbasovun simli orkestr üçün "İn memoriam"u və digər əsərlər səslənib.
Bakıda ilk dəfə səslənən bu əsərlərin çoxu böyük maraqla qarşılanıb.