Hüseyn Cavidin “İblis” əsəri ilk dəfə olaraq Monteneqro dilində nəşr edilib
Hüseyn Cavidin “İblis” əsəri ilk dəfə olaraq Monteneqro dilində nəşr edilib
28 Oktyabr 2019 11:49 MədəniyyətAzərbaycan Respublikasının Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfirliyinin təşəbbüsü ilə dahi dramaturq Hüseyn Cavid yaradıcılığının ən parlaq nümunələrindən olan "İblis" əsəri ilk dəfə olaraq Monteneqro dilində nəşr edilib.
Olaylar.az bildirir ki, Podqoritsa şəhərindəki Monteneqro Universitetində kitabın geniş müzakirəsi və təqdimatı keçirilib.
Əvvəlcə bir qrup tədbir iştirakçısı "Kral" parkına gələrək, Monteneqro xalqının görkəmli oğlu, dünya miqyasında tanınmış naşir Bojidar Podqoriçaninin və Hüseyn Cavidin burada ucaldılmış abidələrini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Tədbirdə universitetin prorektoru Boris Vukiçeviç Monteneqro oxucularına heç də yad olmayan Hüseyn Cavid yaradıcılığı ilə öz ana dillərində tanış olma imkanı yaradan şəxslərə minnətdarlığını bildirib.
Mərasimdə çıxış edən Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfiri, "İblis"in Monteneqro nəşrinə müfəssəl müqəddimənin müəllifi Eldar Həsənov öncə 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Podqoritsada yerləşən qədim tarixə malik "Kral" parkında Cavidin abidəsinin ucaldılmasından danışıb.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov Hüseyn Cavidin həyat və yaradıcılığı haqqında məruzə ilə çıxış edərək onun dünya ədəbiyyatı və mədəniyyəti tarixindəki mühüm yeri barədə mərasim iştirakçılarına məlumat verib. Bildirib ki, Hüseyn Cavid XIX əsrin sonlarında doğulub, XX əsrin birinci yarısında yaşayıb. Böyük ədibin əsərlərini oxuduqca Cavid bizə köhnə bir klassik, yüz illər öncə yaşamış qədim filosof kimi görünür.
Daha sonra Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Ədəbi kino salnamə şöbəsinin hazırladığı, Hüseyn Cavidin həyat və yaradıcılığının müxtəlif anlarının əks olunduğu, Ərtoğrol Cavidin müəllimi Üzeyir Hacıbəylinin xatirəsinə həsr etdiyi musiqi əsəri ilə müşayiət olunan videoçarx nümayiş etdirilib.
Monteneqronun tanınmış yazıçıları akademik Sreten Vuyoviç, Qoran Sekuloviç, Çetinya Kitabxanası İcraiyyə Şurasının üzvü publisist Bojidar Proroçiç, Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu, "Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turan, gənc dramaturq Draqana Tripkoviç Hüseyn Cavidi dramaturq, şair, ictimai xadim və dahi şəxsiyyət kimi səciyyələndirəcək geniş yaradıcılığından və həyatından danışıblar.