Mədəni sərvətlərin qorunmasına dair layihə təqdim edildi
Mədəni sərvətlərin qorunmasına dair layihə təqdim edildi
24 Oktyabr 2019 16:45 MədəniyyətOktyabrın 24-də Azərbaycan Milli İncəsənət Muzeyində "Mədəni sərvətlərin silahlı münaqişələrin və digər fövqəladə halların mümkün təsirlərindən qorunması" adlı layihənin təqdimatı keçirildi.
Olaylar.az bildirir ki, layihə Mədəniyyət Nazirliyinin dəstəyi ilə UNESKO-nun 2018-2019-cu illər üçün İştirak Proqramı çərçivəsində Azərbaycan Milli İncəsənət Muzeyi tərəfindən reallaşdırılır.
Təqdimat mərasimində layihənin koordinatoru Araz Bağırlı çıxış edərək bildirdi ki, layihənin məqsədi silahlı münaqişələr və fövqəladə hallarda mədəni sərvətlərin qorunması üçün strateji planlaşdırma, preventiv kompleks tədbirlərin keçirilməsi, habelə təhlükəsiz evakuasiyasını təmin etmək üçün müvafiq hədəf auditoriyasını təlimatlandırmaq və bu sahədə mövcud beynəlxalq təcrübəni tətbiq etməkdir.
Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva çıxış edərək layihənin əhəmiyyətindən söz açdı.
Vurğulandı ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən Ermənistan ordusunun dərhal və qeyd-şərtsiz çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 nömrəli qətnamələri hələ də icra olunmamış qalır. Bu qətnamələrin icra olunmaması nəticəsində mədəni sərvətlərimizə təcavüz də davam edir. Dağlıq Qarabağın azərbaycanlı icması öz mədəni hüquqlarından istifadə edə bilmir, oradakı mədəni irs və muzey sərvətləri məhv edilir.
UNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının baş katibi Elnur Sultanov çıxış edərək layihənin önəmi haqqında danışdı.
Çıxış edən digər iştirakçılar da layihə ilə bağlı fikir və mülahizələrini bildirdilər.
Tədbir çərçivəsində protectheritage.az veb-saytının və Azərbaycan dilinə tərcümə olunmuş İCCROM (Mədəni Sərvətlərin Qorunması və Bərpası üzrə Beynəlxalq Tədqiqatlar Mərkəzi) və UNESKO-nun Misir Mədəni İrsinin Qorunması Fondu ilə əməkdaşlığı çərçivəsində nəşr olunmuş "Təhlükədə olan irs və muzey sərvətlərinin təxliyə qaydaları" adlı məlumat kitabının təqdimatı keçirildi.


