Xalça Muzeyində Xalq rəssamı Bədurə Əfqanlının retrospektiv sərgisi açılıb

Xalça Muzeyində Xalq rəssamı Bədurə Əfqanlının retrospektiv sərgisi açılıb

Azərbaycan Milli Xalça Muzeyində geyim mədəniyyətimizin, folklor və milli ənənələrimizin gözəl bilicisi, Xalq rəssamı Bədurə Əfqanlının həyat və yaradıcılığına həsr olunmuş retrospektiv sərginin açılışı olub.

Olaylar.az bildirir ki, nazirliyin dəstəyi ilə təşkil edilən sərgidə rəssamın yaradıcılığına həsr olunmuş "Bədurə Əfqanlı - teatr, kino, rəqs: geyim və obrazlar" kitabının təqdimatı da keçirilib.

Tədbirdə çıxış edən Azərbaycan Milli Xalça Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova qonaqlara sərgi barədə məlumat verib. Bildirib ki, Bədurə Əfqanlının şəxsi arxivindən götürülən əlyazmaları, rəsmləri ilk dəfədir sərgilənir.

"Bakı İncəsənət Mərkəzi" Yaradıcılıq Birliyinin baş direktoru Rafael Gülməmmədli Xalq rəssamı Bədurə Əfqanlını XX əsr Azərbaycan rəssamlıq sənətinin görkəmli nümayəndəsi adlandırıb.

Mədəniyyət nazirinin müavini, Əməkdar incəsənət xadimi professor Sevda Məmmədəliyeva bildirib ki, Azərbaycanın ilk qadın teatr rəssamı olan Bədurə Əfqanlı təsviri sənət tariximizdə müstəsna əhəmiyyətə malik olan sənətkardır.

Təqdim olunan kitabda rəssamın sənətə gəldiyi dövrdən (1930) sonrakı 70 ildən artıq müddət ərzində teatr, kino və rəqs incəsənəti sahələrində yaratdığı rəngarəng, bir-birindən maraqlı obraz, geyim və dekorasiya eskizləri toplanıb.

Tədbirdən milli musiqilərimiz səsləndirilib, "Naz eləmə" və "İnnabı" rəqsləri ifa olunub.

Sonra qonaqlar sərgi ilə tanış olublar. Sərgidə rəssamın müxtəlif dövrlərdə teatr, kino və rəqs incəsənəti sahəsində yaratdığı eskizlər, onun əlyazmaları, yaradıcılığı ilə bağlı çap olunmuş materiallar, eləcə də arxiv fotoları nümayiş etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31