Ukraynada İmadəddin Nəsimiyə həsr olunan poeziya gecəsi keçirilib

Ukraynada İmadəddin Nəsimiyə həsr olunan poeziya gecəsi keçirilib

Ukraynanın Jitomir şəhərindəki Mədəniyyət evində "Nəsimi İli"nə həsr olunan tədbir keçirilib. "OLAYLAR" xəbər verir ki, həmin gün Azərbaycan şairi İmadəddin Nəsimi, eləcə də Ukrayna ədibi Taras Şevçenkoya həsr olunmuş poeziya gecəsi təşkil edilib. Xatırladaq ki, poeziya gecəsi "UA Jitomir" vilayət televiziyası vasitəsilə ilə birbaşa yayımlanıb.

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) Jitomir nümayəndəliyi tərəfindən keçirilən gecədə tamaşaçılara öncə Nəsimi və Şevçenkonun həyat və yaradıcılığı, eləcə də iki ölkənin poeziyası haqqında ətraflı məlumat verilib. Tədbirdə 2019-cu ilin Azərbaycanda "Nəsimi ili" elan olunduğu qeyd olunub. Şairin Azərbaycan dilində yazdığı şeirlərinin zənginliyi və danışıq dilinə yaxınlığı ilə fərqlənməsi hər kəsi heyran edib.

Poeziya gecəsində Jitomir Musiqi Kollecinin müəllimləri iştirak ediblər. Müğənni V. Kosenko Üzeyir Hacıbəyovun Nizami Gəncəvinin sözlərinə bəstələdiyi "Sənsiz", Müslüm Maqomayevin "Nərgiz" operasından "Nərgiz" mahnısını ifa edib. Gecədə Qara Qarayevin "Uşaq albomu" əsəri, həmçinin Vaqif Mustafazadənin caz musiqisi səsləndirilib. Bununla yanaşı, Ukrayna xalq mahnıları da ifa olunub.

Tədbirdə 17 nömrəli tam orta məktəbdə Azərbaycan dili kurslarında təhsil alan Mədəniyyət mərkəzinin şagirdləri də iştirak ediblər. Poeziya gecəsində qonaqlar Nəsiminin həyat və yaradıcılığına dair rejissor Həsən Seyidbəylinin çəkdiyi "Nəsimi" filmini izləyiblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31