Türkdilli xalqların teatr ənənələri müzakirə olunub

Türkdilli xalqların teatr ənənələri müzakirə olunub

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) "Türkdilli xalqların teatr ənənələri və müasir teatr dünyasında onların modifikasiya problemləri" mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Olaylar.az bildirir ki, tədbirdə çıxış edən ADMİU-nun rektoru, professor Ceyran Mahmudova ənənəvi olaraq keçirilən konfransın bu il görkəmli rejissor, "YUĞ" Teatrının təsisçisi və rəhbəri Vaqif İbrahimoğlunun 70 illik yubileyinə həsr olunduğunu söyləyib.

Rektor Azərbaycan teatr tarixində Vaqif İbrahimoğlunun xüsusi mövqeyə malik sənətkar olduğunu bildirib. Diqqətə çatdırıb ki, qısa ömür yaşamasına baxmayaraq o, çox böyük işlər görüb. Səkkiz ildir aramızda olmasa da, görkəmli sənətkarın teatr sahəsində ideyaları və konsepsiyası bu gün də davam etdirilir.

Əməkdar incəsənət xadimi, professor İlham Rəhimli "Türkdilli xalqların əsərləri Azərbaycan səhnəsində" mövzusunda məruzə ilə çıxış edib.

Konfransda T.Jurqenov adına Qazaxıstan Milli İncəsənət Akademiyasının kafedra müdiri, professor Saniya Kabdiyeva "Müasir qazax teatrında ənənələrin transformasiyası", ADMİU-nun prorektoru, professor Məryəm Əlizadə "Rejissor haqqında paradoks...", Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutunun professoru Temur Raşidov "Mərkəzi Asiyanın teatr sənəti (ənənə və müasirliyin dialektikası)", professor Aydın Talibzadə "Perfomativ meditasiya: Eucinio Barbanın tənqidi", sənətşünaslıq üzrə fəlsəfə doktoru Fəridə Cəlilova "Vaqif İbrahimoğlu yaradıcılığında məzmunsuz strukturlar", teatrşünaslıq kafedrasının müəllimi Elçin Cəfərov "Vaqif İbrahimoğlu yaradıcılığı Qərb və Şərq teatr mədəniyyətlərinin bifurkasiya nöqtəsi kimi" və dissertant Tərlan Rəsulov "Tətbiqi teatr: mövcud durumu və perspektivləri" mövzularında məruzələrlə çıxış ediblər.

Beynəlxalq tədbirdə müvafiq sahə üzrə elmi axtarışların və praktiki səylərin nəticələrini ümumiləşdirmək, informasiya mübadiləsinə nail olmaq və türkdilli xalqların teatr mədəniyyəti ənənələri əsasında türk teatrının hipotetik modelini formalaşdırmağın mümkünlüyü məsələləri müzakirə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31