Bir qrup mədəniyyət xadiminə mükafatlar təqdim olundu
Bir qrup mədəniyyət xadiminə mükafatlar təqdim olundu
18 Oktyabr 2019 16:08 MədəniyyətOktyabrın 18-də Azərbaycan Milli İncəsənət Muzeyində Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təltif edilmiş bir qrup mədəniyyət xadiminə mükafatların təqdim olunması mərasimi keçirildi.
Olaylar.az bildirir ki, Mədəniyyət naziri Əbülfəs Qarayev tədbir iştirakçılarını 18 Oktyabr - Müstəqillik Günü münasibətilə təbrik etdi. Bildirdi ki, mədəniyyət və incəsənət sahəsində çalışan insanlar müstəqil Azərbaycanın inkişafı naminə öz istedad və bacarıqlarını əsirgəmir, mədəni mirasımızı ölkəmizin hüdudlarından kənarda da layiqincə təbliğ edirlər. Onlar həm də köklü ənənələrə malik olan mədəniyyətimizin gənc nəsillərə ötürülməsində səylə çalışırlar.
Əbülfəs Qarayev Mədəniyyət Nazirliyinin qurumlarında 70 minə qədər insanın çalışdığını, yüz minlərlə şəxsin yaradıcılıqla məşğul olduğunu diqqətə çatdırdı.
Daha sonra nazir mükafatları sahiblərinə təqdim etdi.
Dövlət başçısının sərəncamları ilə Quliyeva Xalidə Camal qızı, Allahverdiyev Vasif Kərim oğlu, Fərəcov Sərdar Fərəculla oğlu "Xalq artisti" fəxri adına layiq görülüblər. Azay Adil Çərkəz oğlu, Xalıqzadə Fəttah Xalıq oğlu, Rəcəbov Oqtay Məmmədağa oğlu "Əməkdar incəsənət xadimi" fəxri adı, Əliyeva Günay Sabir qızı, Babayev Mobil Rəşid oğlu, Qasımova Ruhəngiz Nağı qızı isə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif olunublar. Bundan əlavə, bir qrup mədəniyyət və incəsənət xadimi "Əməkdar artist", "Əməkdar mədəniyyət işçisi", "Əməkdar müəllim" fəxri adları, "Tərəqqi" və "Dövlət qulluğunda fərqlənmə" medalları ilə mükafatlandırılıb.
Bütün təltif olunanları təbrik edən Əbülfəs Qarayev mədəniyyətimizin inkişafında onlara yeni-yeni yaradıcılıq uğurları arzuladı.
Təltif olunan sənət adamları çıxış edərək onlara təqdim edilən mükafatın böyük məsuliyyət hissi yaratdığını vurğuladılar.