“Şəddə” xovsuz xalçasının qədim adətlərə uyğun hanadan kəsilmə mərasimi

“Şəddə” xovsuz xalçasının qədim adətlərə uyğun hanadan kəsilmə mərasimi

"Azərbaycan xalçaçıları" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi "Qarabağdan olan məcburi köçkün qadınlara xalçaçılıq kurslarının təşkili" layihəsi çərçivəsində toxunmuş "Şəddə" xovsuz xalçasının kəsilmə mərasimini keçirib. "NUR Art House" sənət məbəvində təşkil edilən tədbirdə İctimai Birliyin üzvləri, kurs iştirakçıları və şəhərimizin qonaqları iştirak ediblər.

Olaylar.az bildirir ki, qalereyada qonaqları qarşılayan "Azərbaycan xalçaçıları" İctimai Birliyinin sədri, sənətşünaslıq üzrə elmlər doktoru, professor Röya Tağıyeva onlara layihə haqqında qısa məlumat verib. Qonaqlar həmçinin qalereyanın ekspozisiyasını bəzəyən xalçalarla tanış olublar. Daha sonra Röya Tağıyeva hamını hananın ətrafına ətrafında toplaşaraq xalça kəsimi ayininə tamaşa etməyə dəvət edib. Qalereyanın alt mərtəbəsinə enən qonaqlar xalçalı dünyaya yeni rəng qatan, hələ hana üzərində diqqəti özünə cəlb edən "Şəddə"ni seyr ediblər. Elə bu zaman "Mirzəyi-Vağzalı" havasının sədaları altında mərasimə xalça kəsimi ənənəsinə uyğun olaraq şirni xonçası gətirilib. İctimai Birliyin fəallarından biri, M.S.Ordubadinin Ev Muzeyinin baş mühafizi, xoreoqraf Rasimə Əhmədova xonçanı təqdim edib, "Uzundərə" rəqsi ilə tamaşaçıları salamlayıb.

Tədbir R.Tağıyevanın "Şəddə" xovsuz xalçasının tarixi, onun bədii xüsusiyyətləri və etnoqrafik mahiyyəti haqqında çıxışı ilə davam edib.

Tədbirdə "Tərəqqi" medalına layiq görülmüş xalçaçı Siyasət Məmmədova Röya Tağıyevanın şəxsində kursların təşkilatçılarına təşəkkürünü bildirib, yeni xalçanın kəsilməsi ilə bağlı ağbirçək xeyir-duasını verib. Beləliklə, xalçaçılardan Siyasət Məmmədova, Məsumə Xəlilova, Lamiyə Pirverdili və Sevda Məmmədova xalçanı kəsərək hanadan ayırıblar.

Sonra "Azərbaycan xalçaçıları" İctimai Birliyi İdarə Heyətinin katibi Gülşən Hüseynova xalça kəsimi ilə bağlı adətləri xatırladaraq, qonaqlara kücü ipi ilə niyyət tutmaq və yenicə kəsilmiş xalçanı yerə sərib subay qızı və ya balaca oğlan uşağını onun üzərinə otuzdurmaq kimi mərasim ayinlərindən söz açıb.

2011-ci ildən fəaliyyət göstərən "Azərbaycan xalçaçıları" İctimai Birliyi Azərbaycan xalçaçılıq sənətinin öyrənilməsi, ənənələrinin yaşadılması və gələcək nəsillərə ötürülməsi ilə yanaşı, xalça sənətimizin beynəlxalq miqyasda tanıdılması istiqamətində geniş fəaliyyət göstərməkdədir. UNESCO-nun üzvü olan İctimai Birlik fəaliyyəti boyu Qarabağ həqiqətləri, bölgənin xalçaçılıq sənəti ilə bağlı davamlı layihələr gerçəkləşdirməkdədir. Bu layihənin yekununda kurs iştirakçılarının əl işlərindən ibarət sərginin açılması və texnologiyaları bərpa edilmiş iki xalçanın - "Şəddə" və "Dəstərxan" xovsuz xalçalarının bərpa edilərək Qarabağdan olan, hazırda qaçqın düşmüş muzeylərdən birinə hədiyyə edilməsi nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31