Yeni beynəlxalq metodiki vəsait istifadəyə veriləcək

Yeni beynəlxalq metodiki vəsait istifadəyə veriləcək

Beynəlxalq Türk Akademiyası (TWESCO) və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) arasında imzalanmış əməkdaşlıq memorandumun çərçivəsində "Muzey fondlarında əlyazmaların qorunması işlərinin əsas istiqamətləri" adlı ilk birgə metodiki vəsait işıq üzü görüb.

Olaylar.az bildirir ki, 2018-ci ildə Astana səhərində TWESCO tərəfindən təşkil olunan Türkdilli xalqların Muzey Əşyalarının İstifadə və Qorunmasına dair Beynəlxalq İşçi Qrupu təşkil olunub. Təsis toplantısında həmin Qrupun sədri Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Asif Usubəliyev seçilmişdir.

İşçi Qrupunun yaradılmasında məqsəd türkdilli xalqların maddi-mədəni mirasının qoruyucuları olan muzeylərimizlə elmi və mədəni əməkdaşlığı canlandırmaq, ortaq dəyərlərimizin beynəlxalq ictimaiyyətə daha təsirli təqdimatı üçün onlar arasında vahid metodoloji standartların işlənib hazırlanmasıdır. Bundan əlavə, Muzey Əşyalarının İstifadə və Qorunmasına dair Beynəlxalq İşçi Qrupu muzeyşünaslıq məsələlərində metodoloji şura funksiyanı üzərinə götürmüşdür.

Beləliklə MEMİM-in metodisti Sevinc Qasımovanın müəllifliyi, TWESCO-nun Prezidenti Darxan Kıdırəli və Mərkəzin direktoru Asif Usubəliyevin nəzarəti ilə nəşr olunan "Muzey fondlarında əlyazmaların qorunması işlərinin əsas istiqamətləri" adlı metodiki tövsiyyə muzeylərdə əlyazmaların saxlanma və qorunma şəraitləri, temperatur, işıq, nəmişlik, bioloji rejimləri, fors-major və digər vəziyyətləri əhatə edir.

Qeyd edək ki, vəsait türk və ingiliz dillərinə tərcümə olunacaq və bütün Türksoy ölkələrinə istifadə etmək üçün göndəriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31