“XIX əsr Azərbaycanın Şimal-Qərbində dini həyat, elm və mədrəsələr” mövzusunda kitab nəşr olunub
“XIX əsr Azərbaycanın Şimal-Qərbində dini həyat, elm və mədrəsələr” mövzusunda kitab nəşr olunub
11 Oktyabr 2019 12:04 MədəniyyətAzərbaycan İlahiyyat İnstitutu İslamşünaslıq kafedrasının müdiri fəlsəfə üzrə fəlsəfə doktoru Əhməd Niyazovun "XIX əsr Azərbaycanın Şimal-Qərbində (Qanıx-Həftəran vadisi) dini həyat, elm və mədrəsələr" mövzusunda kitabı çapdan çıxıb.
"OLAYLAR"-a təhsil ocağından bildirilib ki, kitab "Giriş", "İrfan ənənəsi və mənəviyyat abidələri", "Elm və mədrəsələr", "Təsəvvüf həyatı və onun ictimai təsirləri baxımından tolerant töhfələri" fəsillərindən ibarətdir. "Giriş"də, ümumi olaraq, Azərbaycan tarixində təsəvvüf və sufizmin yeri və əhəmiyyətindən; I, II və III fəsillərdə təsəvvüfün mövzuları, eləcə də sufi şeyxlərin həyat və fəaliyyətindən; sufizmin tolerant dəyərləri, ictimai-sosial cəhətləri; dövrün elmi xüsusiyyətləri və mədrəsə fəaliyyəti; xəttatlıq və həkkaklıq sənəti; zikr və mövlud adətləri; vəqf mədəniyyəti və aşıq sənəti ilə bağlı şeirlərə geniş yer verilmişdir.
Nəşrdə, həmçinin XIX əsrdə Azərbaycanın, xüsusilə Şimal-Qərb bölgəsinə yayılmış İsmayıl Siracəddin Şirvani hərəkatı və onun ictimai həyata təsirlərindən bəhs edilir. Yüzillik bir müddət ərzində həyatda istər əxlaq kodekslərinin təzahürü, istərsə də milli-mənəvi irsin qorunmasında düşüncə məktəbinə çevrilən bu hərəkat Qafqazda mental dəyərlərin mühafizəsində bir fanus kimi çıxış etmiş, demoqrafik ahəngin bilavasitə keşikçisi olmuşdur. XIX əsr kimi mürəkkəb bir dövrdə Çar Rusiyasının şiə-sünni konflikti siyasətinə qarşı həm də vəhdət konsepsiyası ilə çıxış edərək, yayıldığı hər yerdə tolerant mühiti bərqərar edə bilmişdir.
Elmi tədqiqat əsəri dinşünaslar, ilahiyyatçılar, şərqşünaslar, tarixçilər, dinlə əlaqəli sahələrdə tədqiqat aparan mütəxəssislər, həmçinin ali məktəb müəllimləri və tələbələri üçün nəzərdə tutulub.