“Aşıq musiqisi axşamları” layihəsində növbəti konsert

“Aşıq musiqisi axşamları” layihəsində növbəti konsert

Beynəlxalq Muğam Mərkəzinin "Aşıq musiqisi axşamları" layihəsinin növbəti konserti keçirildi. AMEA Folklor İnstitutunun dəstəyi ilə reallaşan layihənin əsas məqsədi şifahi ənənəli Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biri olan aşıq sənətinin təbliğidir.
Olaylar.az bildirir ki, konsertdən əvvəl çıxış edən  AMEA  Folklor  İnstitutunun Aşıq yaradıcılığı şöbəsinin müdiri , filologiya elmləri namizədi Elxan Məmmədli bildirdi ki, hələ ötən il Beynəlxalq Muğam Mərkəzlə birlikdə təşkil edilən silsilə tədbirlər aşıq musiqisi həvəskarlarının yaxşı yadındadır. "Dastan gecələri" və "Aşıq musiqisi axşamları" layihəsi aşıq yaradıcılığına qiymət verən insanlar tərəfindən böyük rəğbətlə qarşılanır. BMM ilə birlikdə növbəti layihəmiz "Aşıq musiqisi axşamları" çərçivəsində  aşıq sənətinin ifaçılıq məktəbləri, bu sahənin problemləri, aşıq sənəti ilə bağlı müzakirələri əhatə edən tədbirlərin keçirilməsi nəzərdə tutulub. Bu sahədə birgə planlarımız çoxsaylıdır. Böyük ustadların ənənələrini gələcək nəslə çatdırmaq üçün birgə əməkdaşlıq çərçivəsində təbliğ edəcəyimiz mövzular aşıq məktəbinin inkişafına xidmət edəcək. Layihə çərçivəsində bütün bölgələrimizi əhatə edən aşıqların yaradıcılığı təqdim ediləcək. Təbliğatlar, dövlətimiz tərəfindən bu sənətə diqqət və qayğı bu sahədə olan gəncləri daha da ruhlandırır. Son dövrdə ali məktəblərdə və orta musiqi məktəblərində saz sənətinə çox böyük önəm verilib. Musiqili gecədə Gədəbəy ,Tovuz, Borçalı, Göyçə , Qazax , Kəlbəcərdən olan aşıqlar çıxış etdilər. Lətifə Çeşməli, Şəhriyar Qaraxanlı, Elməddin Məmmədli, aşıq Ramin, aşıq Əşrəf, aşıq Qabil, aşıq Səlim, Bəhmən Ardanışlı, Şaiq İncəli, İlham Aslanbəyli, aşıq Qalib, Gözəl Kəlbəcərlinin çıxışları saz sənətinin vurğunları tərəfindən alqışlarla qarşılandı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31