Muğam Mərkəzində II Azərbaycan Xalq Mahnıları festivalının açılış mərasimi keçirildi

Muğam Mərkəzində II Azərbaycan Xalq Mahnıları festivalının açılış mərasimi keçirildi

Beynəlxalq Muğam Mərkəzində ölkəmizdə ikinci Azərbaycan xalq mahnıları festivalının açılış mərasimi oldu.
Olaylar.az bildirir ki, Azərbaycan Televiziyası "Mədəniyyət" kanalının layihəsi olan festival Mədəniyyət Nazirliyinin dəstəyi, Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dövlət Akademik Filarmoniyası, Mədəniyyət Nazirliyinin Elmi-Metodiki və İxtisasartırma Mərkəzi, AMEA-nın Folklor İnstitutu, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin  iştirakı ilə keçirilir.
Açılış mərasimində çıxış edən festivalın bədii rəhbəri, Əməkdar artist Ramil Qasımov diqqətə çatdırdı ki, "Azərbaycan xalq mahnıları" festivalı artıq ikinci ildir  keçirilir. Ümumilikdə ölkəmizdə hər zaman iri miqyaslı tədbirlər, festivallar, müsabiqələr təşkil olunur. Bütün bu nailiyyətlərin, uğurların arxasında dövlətimizin qayğısı durur. Onu da qeyd etməliyik ki, bu gün ölkəmizin milli incilərinin, milli folklor musiqimizin təbliğatı istiqamətində ölkəmizin birinci vitse-prezidenti, hörmətli Mehriban xanım Əliyevanın birbaşa diqqəti ilə bu milli sərvətlərimiz dünyanın bir çox ölkələrində təbliğ olunur. Təşkil etdiyimiz  bu festivalda, xalq mahnılarımızın nə qədər zəngin kökə malik olduğunun bir daha şahidi oluruq.
Daha sonra festivalın ilk konsert proqramı təqdim olundu. Azərbaycan Televiziyası və Radiosunun Əhsən Dadaşov adına "Xatirə" Xalq Çalğı Alətləri ansamblının müşayiəti ilə zamanın axınından süzülüb gələn, dildən -dilə , könüldən -könülə hoparaq bu günümüzdə də sevilən xalq mahnılarımızı Xalq artistləri Teymur Mustafayev, Zabit Nəbizadə, Əməkdar artistlər Təhmiraz Şirinov, Gülüstan Əliyeva, Bəsti Sevdiyeva, Sevinc Sarıyeva və digər sevilən ifaçılar təqdim etdilər. Mövzu və məzmun müxtəlifliyi, musiqi və poetikliyi ilə bir-birindən rəngarəng repertuar tamaşaçıların alqış sədaları ilə mükafatlandırıldı.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31