Bakıda Avrasiya xalqlarının mədəni irs ənənələri müzakirə olunub

Bakıda Avrasiya xalqlarının mədəni irs ənənələri müzakirə olunub

Beynəlxalq Muğam Mərkəzində Bakıda keçirilən Avrasiya Xalqlarının Assambleyası günləri çərçivəsində dəyirmi masa təşkil edilib.

Olaylar.az bildirir ki, müzakirələr "Avrasiya xalqlarının mədəni irs ənənələri" mövzusuna həsr edilib.

Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynov tədbirin əhəmiyyətindən söz açaraq diqqətə çatdırıb ki, müzakirənin məqsədi Avrasiya xalqlarının zəngin mədəni irsinin təbliği, mədəniyyət və incəsənət ustaları arasında yaradıcı əlaqələrin genişləndirilməsidir.

Daha sonra Assambleyanın Beynəlxalq Mədəni Əməkdaşlıq Şurasının sədri Elmira Şerbakova çıxış edib. Dəyirmi masada azərbaycanlı musiqişünaslar, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sənubər Bağırovanın "Azərbaycan musiqisi muğam kontekstində", Əməkdar incəsənət xadimi Sürəyya Ağayevanın "Azərbaycan türklərinin musiqi mədəniyyəti qədim və orta əsr dövrlərində" mövzularında məruzələri dinlənilib.

Tədbirdə Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi, Avrasiya televiziya və radio Akademiyasının prezidenti Valeriy Ruzin, Assambleyanın Hindistan üzrə müşaviri Sinqx Dalbir və digərləri çıxış edərək mədəniyyət sahəsində birgə fəaliyyətin mühümlüyünü qeyd ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31