Mədəni tədbirlər “Culture Guide” bələdçisində
Mədəni tədbirlər “Culture Guide” bələdçisində
2 Oktyabr 2019 16:45 MədəniyyətBakıda bu ay iki beynəlxalq incəsənət layihəsi - MAP Teatr Festivalı və Bakı Caz Festivalı gerçəkləşəcək. Paytaxtımız Rusiya Federasiyasının mədəniyyət günləri çərçivəsində qonşu ölkənin incəsənət təmsilçilərini qəbul edəcək. Teatr-konsert müəssisələrinin repertuarı da zəngindir. Muzey və sərgi salonları, digər mədəniyyət məkanları da maraqlı layihələr hazırlayıblar.
Olaylar.az bildirir ki, ölkəmizə təşrif buyuran qonaqlara bütün bu yenilikləri çatdırmaq, onları Azərbaycanın mədəni irsi və incəsənət həyatı barədə dolğun şəkildə məlumatlandırmaq xüsusi önəm kəsb edir. Bu məqsədlə nəşr olunan "Culture Guide" mədəniyyət bələdçisinin yeni - oktyabr sayı çapdan çıxıb.
Hər ay ingilis və rus dillərində hazırlanaraq nəşr olunan "Culture Guide" bələdçisinin ənənəvi təqdimat yazısında Azərbaycanın tarixi-mədəni irsi diqqətə çatdırılır, müsəlman Şərqində ilk peşəkar teatrın, kinematoqrafın, operanın ölkəmizdə yarandığı vurğulanır.
10-20 oktyabr tarixində gerçəkləşəcək 3-cü M.A.P (Musiqi. İncəsənət. Performans) Teatr Festivalı və oktyabrın 18-dən 27-dək davam edəcək Bakı Caz Festivalı da müxtəlif ölkələrdən yaradıcı truppaları, musiqi kollektivlərini və məşhur ifaçıları bir araya gətirəcək. Bu il Bakı Caz Festivalı "Daha çox caz, daha çox intellekt" şüarı altında keçirilir və konsert proqramları şəhərin müxtəlif səhnələrində təşkil olunacaq. Mədəniyyət bələdçisinin müvafiq bölmələrində hər iki festivalın tədbirləri barədə ətraflı - günbəgün afişa-məlumatlar verilib.
Oktyabr ayında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı 100 yaşı tamam olur. Ölkə başçısının müvafiq sərəncamına əsasən mədəniyyət tariximizin bu əlamətdar yubileyi təntənəli şəkildə qeyd olunacaq. "Culture Guide" bələdçisində də ilk dövlət teatrımızın keçdiyi sənət yolundan bəhs olunur.
Nəşrdə bu ayın əlamətdar hadisələr təqviminə də nəzər salınıb və 18 Oktyabr - Dövlət Müstəqilliyi Günü haqqında yazı dərc olunub.