Bütün oyunlar kitab üzərində qurulmuşdu – Kitab sərgi-yarmarkasından REPORTAJ
Birinci gün Sentyabrın 27-dən- 29 –na qədər Bakıda 6-cı kitab sərgi-yarmarkası keçirildi. İlk gün sərgi-yarmarkaya gedən mərkəzi küçələrdə tıxaclar hamını çaşbaş salmışdı. Hər kəs təqvimi xatırlayır. Bir-birlərindən küçədə, avtobusda bu gün hansı bayramın olmasını soruşurlar. Heç kim bu gün təqvimdə hansı bayramın olmasını xatırlamır. Birdən hansısa qadın laqeyd şəkildə “yəqin, yenə kimdənsə qurtulub, dirçəlmişik” deyərək, müzakirələrə son verir.
30 Sentyabr 2019 13:38 MədəniyyətBirinci gün
Sentyabrın 27-dən- 29 -na qədər Bakıda 6-cı kitab sərgi-yarmarkası keçirildi.
İlk gün sərgi-yarmarkaya gedən mərkəzi küçələrdə tıxaclar hamını çaşbaş salmışdı. Hər kəs təqvimi xatırlayır. Bir-birlərindən küçədə, avtobusda bu gün hansı bayramın olmasını soruşurlar. Heç kim bu gün təqvimdə hansı bayramın olmasını xatırlamır. Birdən hansısa qadın laqeyd şəkildə "yəqin, yenə kimdənsə qurtulub, dirçəlmişik" deyərək, müzakirələrə son verir.
Əl Oyunları sarayının qarşısında xeyli sayda insanlar. Təşkilatçılar rəsmilərin gəlməsinə hazırlaşırlar. Bu zaman vəzifə səlahiyyətimizdən istifadə edib saraya daxil oluruq. Nəşriyyatlar, müəyyən qurumlar da burada rəsmilərin və iştirakçıların "qəbul"una hazırlaşırlar. Adı ilk dəfə sərgi -yarmarkada qarşımıza çıxan nəşriyyatlar, kitab mağazaları da az deyil. Oxucular adətən il ərzində əsasən "Qanun", "Hədəf", "TEASS PRESS", "Alatoran", "Altun" nəşriyyatların kitabları ilə satış mərkəzlərində rastlaşırlar.
"Letterpress" nəşriyyatının təmsilçisnə yaxınlaşıb, nəşriyyat haqda suallar verirəm. Məlum olur ki, "Letterpress" nəşriyyatı əvvəllər "Bərəkət" nəşriyyatı kimi fəaliyyət göstərib. İndi isə yeni adı ilə sərgidə uşaqlar üçün olan kitablarını təqdim edirlər.
Artıq rəsmilər sərgi-yarmarkaya daxil olur. Çıxışlar, təbrik nitqləri bir-birini əvəz edərkən, Amerika səfirliyinin stendindən təqdim olunan "Alatoran" nəşriyyatının kitablarını, Azərbaycan Tərcümə Mərkəzindən "Xəzər" jurnalını sevə-sevə qəbul edib məkandan ayrılıram.

İkinci gün
Sərgi -yarmarkaya daxil olanda bir anlıq çaşdım. Özümü facebookda yeriyən status kimi hiss etdim. Gün ərzində paylaşımlarını bəyənib, şərh yazdığımız dostlarla salamlaşıb, sanki canlı statuslarımızı bəyənirik. Yarmarkanın ikinci günündə valideynlərin övladları ilə birgə qatılmaqları sevindirici hal didi. Uşaqlar kitablarla tanış olurdular.
"Qanun" və "Əli və Nino" stendlərinin qarşısı insana şəhərdə saatlarla davam edən tıxacları xatırladır. Amma nə gözəl ki, bu dəfə tıxacın səbəbkarı hansısa naşı sürücü yox, məhz kitabsevərlərdir. Kitaba baxan, əldə etmək istəyən gənclərdir. Bu "tıxac"dan çətinliklədə də olsa Pərviz Cəbrayılın "Məryəm surəsi" ni əldə edib, imzaladırıq.
Daha bir izdiham isə "Altun" nəşriyyatında müşahidə olunur. Burada valideynlər və məktəbli balacalar üstünlük təşkil edir. Hər kəs məktəblərin məşhur Namazov bütünü sındırmaq üçün övladlarına fərqli və bir o qədər də maraqlı testlər, bədii kitablar alırdı.
"Parlaq imzalar" nəşriyyatından isə gənc şair Ruzbeh Məmmədovun şeir kitabını əldə edirik.
"Hədəf" nəşriyyatının stendinə yaxınlaşanda Müşfiq Xanın kitabları digər müəllifləri görməyə çətinlik yaratsa da, bir az irəlilədikdən sonra gözləri oxucu yolu çəkən Azər Qisməti intizarda qoymayıb, kitabını əldə edirik.

Və bu gündə Azərbaycan Tərcümə Mərkəzindən daha bir hədiyyə qəbul edirəm. Jurnalist, yazar İlqar Rəsul imzalı olaraq "Getmə" romanını təqdim edir. Növbəti gedəcəyimiz ünvan isə "Alatoran" nəşriyyatıdır. Rasim Qaraca ilə söhbət və sonuncu kitabını əldə etmək üçün kitab tıxacında bir xeyli irəliləmək lazımdır. Mən artıq "Alatoran"a çatanda məlum olur ki, Rasim müəllimin sonuncu kitabı olan "Zürafəsiz dünya" artıq bitib.
Növbəti kitab tıxacı isə Tərcümə Mərkəzinin önündə müşahidə olunur. Səbəbkar isə təbii ki, Şəhriyar Del Gerani və yeni "Gecəniz şeirə..." şeirlər kitabıdır.

Üçüncü gün
Bu gün yarmarka iştirakçıları daha çoxdur. Saat 12:30-da "Qızıl kəlmə" mükafatlarının sahibləri ilə görüş, 15:00 -da gənc şairlərlə görüş, Hikmət Hacızadə, Şərif Ağayar ("Qanun" nəşriyyatı), Vüqar Zifəroğlu ("Hədəf" nəşriyyatı), BookZone kitab evinin stendində "Çapar" dərgisinin təqdimatı və Dilqəm Əhmədin, digər yazarların ima günləri ilə 6 -cı Bakı kitab sərgi-yarmarkasına yekun vuruldu.
Üç gündü hər kəsin maraqla "bu gün nə bayramıdı?" sualına cavab olaraq qeyd edim ki, Bakıda 3 gün kitab bayramı oldu. Bilənlərdən çox, bilməyənlər də var idi. Amma əvvəlki illərlə müqayisədə bayramın sədası bu dəfə daha geniş yayılmışdı. Məsələn, ötən il stendlərarası heç bir tıxac yox idi. Amma bu dəfə ilboyu oxucular üçün davamlı kitab dərc edən nəşriyyatların önündə 3 gün oxucu sıxlığılığı müşahidə etdik. Aktiv fəaliyyəti olmayan, yalnız sərgidən-sərgiyə peyda olan nəşriyyat təmsilçilərinin gözləri isə mobil telefonlarına "köklən"mişdi.

Ticarət mərkəzlərində butik paketlərini daşıyan qadınların, içki masalarında, oyun zallarında hesab ödəyən kişilərin əllərində 3 gün boyunca nəşriyyat paketlərini görmək sevindirci hal idi. Bu gün ərzində sosial şəbəkələrdə restoranlarda, kafelerde paylaşılan fotoları kitab, yazarlarla çəkilən fotolar əvəz etdi. Və paylaşılan fotoların sayı və paylaşımlar nə qədər çox olsa da, heç kim narazılıq etmədən paylaşımları sevərək bəyənirdi.
Əl Oyunları saray artıq Bakı oxucusuna darlıq edirdi. Bu dəfə insanlar bir-biri ilə getdikləri restoran, əyləncə mərkəzinə görə bəhs etmirdilər. Bu dəfə insanlar bir -birləri ilə aldıqları kitabların sayına görə bəhs edirdi. 3 gün Bakıda bütün oyunlar kitab üzrərində qurulmuşdu.
Nigar Adil