İmaddədin Nəsimiyə həsr olunmuş Beynəlxalq xalça eskizi müsabiqəsinin yekun sərgisi

İmaddədin Nəsimiyə həsr olunmuş Beynəlxalq xalça eskizi müsabiqəsinin yekun sərgisi

Azərbaycan Milli Xalça Muzeyində böyük mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş Beynəlxalq xalça eskizi müsabiqəsinin yekun sərgisi açılıb.

Olaylar.az bildirir ki, Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən II Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində baş tutan sərginin açılışında Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edib.

Nazir bildirib ki, 1973-cü ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə İmadəddin Nəsiminin 600 illik yubileyinin UNESKO səviyyəsində qeyd edilməsi Azərbaycan mədəniyyəti tarixində əhəmiyyətli hadisəyə çevrilmişdi.

Mədəniyyət naziri Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında 2019-cu ilin "Nəsimi ili" elan edilməsi haqqında" Sərəncamının və Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalının böyük mütəfəkkirin irsinin dərindən tədqiqinə şərait yaratdığını diqqətə çatdırıb. Festivalda beynəlxalq miqyasda tanınmış nəsimişünasların, filosofların, rəssamların, şair və alimlərin, musiqi, rəqs, teatr qruplarının iştirakının Nəsiminin fikir və düşüncələrinin dünyaya tanıdılması ilə yanaşı, ölkəmizin təbliği baxımından da mühüm əhəmiyyət kəsb etdiyini deyib.

Sonra Beynəlxalq xalça eskizi müsabiqəsinin, həmçinin Mədəniyyət Nazirliyinin "SÖZ" layihəsi çərçivəsində elan edilən ən yaxşı poetik əsər müsabiqəsinin qaliblərinə diplomlar təqdim edilib.

Beynəlxalq xalça eskizi müsabiqəsinin nəticələrinə əsasən Fatimə Axundzadənin "Nəsim yeli" eskizi I yerə, Ruhəngiz Bağırovanın "Məndə sığar iki cahan, mən bu cahana sığmazam" adlı işi II yerə, Sürəyya Dadaşovanın "Göz yaşı" əsəri isə III yerə layiq görüldü. Ən yaxşı poetik əsər müsabiqəsinin qalibləri isə Orxan Behbid, Zaur Rəxşan, Sahib Məmmədov, Gülbala Dadaş, Tərlan Sadiq, Saleh Səbat, Adil Əkbər, Elsər Qədri, Nicat Nəsri, Səlim Nəsirli oldu.

Tədbirdə çıxış edən Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova ölkəmizdə qədim tarixə malik xalçaçılıq sənətinin hazırda daha da inkişaf etdirildiyini, Heydər Əliyev Fondunun bu sahəyə böyük diqqət və dəstək göstərdiyini vurğulayıb. Şirin Məlikova Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin təşkil etdiyi müsabiqəyə Azərbaycan, Fransa, İtaliya, Hindistan, Rusiya, İran və Albaniyadan yaşı 20-dən yuxarı 35 nəfər yaradıcı şəxsin qatıldığını bildirib. Təqdim edilən 51 xalça eskizindən 3-ünün qalib seçildiyini deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31