“Çağdaş Azərbaycan aşıqlarının şeir antologiyası” kitabının təqdimatı keçirilib

“Çağdaş Azərbaycan aşıqlarının şeir antologiyası” kitabının təqdimatı keçirilib

R.Behbudov adına Dövlət Mahnı Teatrında "Çağdaş Azərbaycan aşıqlarının şeir antologiyası" kitabının təqdimatı keçirildi. Tədbir Mədəniyyət Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin (AAB) birgə təşkilatçılığı ilə gerçəkləşdi.

Olaylar.az bildirir ki, "Gənclik" nəşriyyatında işıq üzü görən nəfis tərtibatlı antologiyanı AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) dosenti, filologiya üzrə fəlsəfə doktoru Altay Məmmədli nəşrə hazırlayıblar. Kitabın redaktoru filologiya elmləri doktoru, professor Mahmud Allahmanlıdır.

Tədbiri giriş sözü ilə professor Məhərrəm Qasımlı açaraq bildirdi ki, Azərbaycan dövləti mədəniyyət və ədəbiyyatın inkişafına qayğı göstərir. Bu il Prezident İlham Əliyevin sərəncamı ilə yaradıcı təşkilatlara, o cümlədən Aşıqlar Birliyinə vəsait ayrılıb. Bu diqqət və qayğı ulu ozan sənətinin yaşadılması və təbliği sahəsində görülən işlərə əlavə stimul verib.

Şeirləri topluda yer almış aşıqlardan əməkdar mədəniyyət işçiləri Solmaz Kosayeva, Əhliman Şirvanlı, Ağamurad Şirvanlı, Haşım Qubalı, həmçinin tanınmış sənətkarlar Cabbar Laçınlı, Cahangir Quliyev, Qələndər Zeynalov, Qaracan Borçalı, Bəhmən Göyçəli və Əməkdar mədəniyyət işçisi Gülarə Azaflının rəhbərlik etdiyi "Çeşmə" folklor qrupu maraqlı ifalarla çıxış etdi.

Səsləndirilən "Cəngi Koroğlu", "Cəlili", "Naxçıvangülü", "Orta şəşəngi", "Dübeyti", "Şirvan müxəmməsi", "Şahsevəni", "Döymə Kərəmi", "Aran gözəlləməsi", "Şirvan gözəlləməsi", "Qaragöz", "Güllü qafiyə", "Yüngül Şərili", "Göycəgülü", "Paşaköçdü" və s. aşıq havaları tamaşaçıların alqışları ilə qarşılandı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31