Xalq artisti Ramiz Məliklə görüş keçirilib
Xalq artisti Ramiz Məliklə görüş keçirilib
23 Sentyabr 2019 12:29 MədəniyyətAMEA Hüseyn Cavidin Ev Muzeyində "İblis" əsərinin ilk dəfə tamaşaya qoyulmasının 100 illiyi münasibətilə Xalq artisti Ramiz Məliklə görüş keçirilib.
Olaylar.az bildirir ki, tədbirdə muzeyin direktoru, fil.ü.e.d. Gülbəniz Babaxanlı çıxış edərək "İblis" əsərinin yazılma və səhnə tarixi haqqında məlumat verib. Qeyd edib ki, dram əsəri çap edilməmişdən öncə 21 dekabr 1920-ci ildə səhnəyə qoyulub: "Baş rejissoru Abbas Mirzə Şərifzadə olub, əsas rolları isə A.Şərifzadə və Mirseyfəddin Kirmanşahlı oynayıb".
Əsərin sonuncu dəfə 1983-cü ildə Hüseyn Cavidin 100 illik yubileyi münasibətilə səhnələşdirildiyini deyən G.Babaxanlı bildirib ki, tamaşanın quruluşçu rejissoru Mehdi Məmmədov, bəstəkarı Aydın Əzimov, aktyorları isə Hamlet Xanızadə və Ramiz Məlik olublar.
Daha sonra Xalq artisti Ramiz Məlik, filologiya üzrə elmlər doktorları - Paşa Kərimov, Yusif Günaydın, Əzizağa Nəcəfov və digərləri çıxış edərək əsərin Azərbaycan ədəbiyyatındakı rolundan və H.Cavidin yazıçı məziyyətlərindən danışıblar.
Görüşdə, həmçinin Hüseyn Cavidin həyat və yaradıcılığını əks etdirən və Xalq artisti Ramiz Məlikin teatr səhnəsində yaratdığı rollardan ibarət videoçarx nümayiş olunub.
Sonda Hamlet Xanızadənin qızı Aygün Xanızadə anım tədbirinin təşkilinə görə Mədəniyyət Nazirliyinin və Akademik Milli Dram Teatrının rəhbərliyinə təşəkkürünü bildirib.