Üç ölkənin görkəmli bəstəkarlarının əsərləri səslənəcək
Üç ölkənin görkəmli bəstəkarlarının əsərləri səslənəcək
20 Sentyabr 2019 16:15 MədəniyyətSentyabrın 20-si Azərbaycanda "Neftçilər günü" və "Əsrin müqaviləsi"nin 25-ci ildönümüdür. Olaylar.az bildirir ki, bu gün saat 19.00-da Heydər Əliyev Mərkəzində möhtəşəm konsert proqramı təqdim olunacaq. Bu günlər ölkəmizdə davam edən XI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı ilə bir vaxta təsadüf edən konsert proqramı eyni zamanda neftçilərin bu musiqi bayramına töhfəsidir.
Konsertdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının orkestrinin (dirijor Əyyub Quliyev) müşayiəti ilə Azərbaycan, Türkiyə və Gürcüstanın üç tanınmış tenoru çıxış edəcək. Gecədə üç ölkənin görkəmli bəstəkarlarının əsərləri səslənəcək.
Konsert Üzeyir Hacıbəyli "Koroğlu" operasından "Uvertüra" ilə başlayacaq. Daha sonra "Koroğlu" operasından Koroğlunun ariyası (solist Samir Cəfərov), gürcü bəstəkarı Zaxar Paliaşvilinin "Daisi" operasından Malxazın ariyası (solist Georgi Davitadze), türk bəstəkarı Ali Rza bey Kaptanzadənin "Efem" türküsü (solist Levent Gündüz) səslənəcək.
Proqramda həmçinin Polad Bülbüloğlunin "Eşq və ölüm" baletindən "Cəngi", Tofiq Quliyevin "Sənə də qalmaz" (solistlər Samir Cəfərov və Levent Gündüz) mahnısı, Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasından Əsgərin ariyası (Samir Cəfərov, Georgi Davitadze), italyan mahnılarından ibarət popurri (üç tenorun ifasında), Cakomo Puççininin "Turandot" operasından Kalafın ariyası (üç tenor), "Qranada" və "Xalq Heydər" (hər ikisi üç tenorun ifasında) mahnıları təqdim olunacaq.