Türkiyədə akademik Nizami Cəfərovun kitabı oxuculara təqdim olundu

Türkiyədə akademik Nizami Cəfərovun kitabı oxuculara təqdim olundu

Mədəniyyət Nazirliyinin "Azərbaycan Kitabının Dünyada Tanıdılması" layihəsi çərçivəsində akademik Nizami Cəfərovun qələmə aldığı "Azərbaycan ədəbiyyatı tarixinin etüdləri" kitabı Türkiyə türkcəsində çap olunaraq oxuculara təqdim edilib.

Olaylar.az bildirir ki,  "Zəngin Yayınçılıq" nəşriyyatı tərəfindən 5000 tirajla çap olunan kitab Türkiyədə fəaliyyət göstərən əsas təhsil müəssisələrinin kitabxanalarına hədiyyə olunmaqla yanaşı, türkiyəli oxucular da satış köşklərindən bu kitabı əldə edə biləcəklər. Kitabı Türkiyə türkcəsinə tanınmış yazar Yurtsevən Şən çevirib.

Kitabda Azərbaycan ədəbiyyatı tarixinin əsas dövrləri, böyük şəxsiyyətlərin yaradıcılıq yolu, ideya-estetik təmayüllər işıqlandırılmışdır. N.Gəncəvinin, Füzulinin, M.P.Vaqifin, Aşıq Ələsgərin, M.Ə.Sabirin, Ə.B.Hüseynzadənin, A.İldırımın, S.Vurğunun, M.Hüseynin, M.Müşviqin, İ.Şıxlının, B.Vahabzadənin, H.Arifin, İ.Muğannanın, N.Həsənzadənin, Anarın, Elçinin, Zəlimxan Yaqubun, Afaq Məsudun və s. yaradıcılıqlarına ayrıca oçerklər həsr edilmişdir. Müəllif çalışmışdır ki, türkiyəli oxucularda Azərbaycan ədəbiyyatı barədə qədim dövrlərdən bu günə qədər aydın elmi təsəvvür yaransın.

Akademik Nizami Cəfərovun qələmə aldığı "Azərbaycan ədəbiyyatı tarixinin etüdləri" "Azərbaycan Kitabının Dünyada Tanıdılması" layihəsi çərçivəsində Mədəniyyət Nazirliyinin dəstəyi ilə Türkiyədə çap olunan sayca 43-cü kitabdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31