"Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində arxeoloji tədqiqat işləri aparılır

"Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində arxeoloji tədqiqat işləri aparılır

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin müraciəti əsasında professor Qafar Cəbiyevin rəhbərliyi ilə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən "Basqal" Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində arxeoloji tədqiqat işləri aparılır.

Olaylar.az bildirir ki, ekspedisiya heyəti ilkin olaraq qəsəbənin Qalabaşı, Bazar meydanı, hamam və məscid kompleksləri ərazisində kəşfiyyat xarakterli axtarışlara start verib. Məqsəd ərazidə yaşayışın nə zamandan başlandığını, əhalinin məskunlaşma dinamikasını, tikinti və yaşayış qalıqlarının stratiqrafiyasını, şəhər elementlərinin tarixi inkişaf prosesini, həmçinin sakinlərin məişət və mədəniyyətini öyrənməkdir.

Arxeoloji tədqiqatların ilkin nəticələri barədə məlumat verən professor Qafar Cəbiyev bildirib ki, Basqalın yaxın ətrafında insanlar hələ eramızdan əvvəl V minillikdən etibarən məskunlaşaraq ənənəvi təsərrüfat sahələri ilə məşğul olublar. Ötən əsrin 70-90-cı illərində Qırlartəpə, Qalalar və Kürdüvan ərazilərində aparılan arxeoloji qazıntı və kəşfiyyat işləri zamanı Basqalətrafı ərazilərin tarixini özündə yaşadan olduqca zəngin maddi-mədəniyyət qalıqları aşkara çıxarılıb.

Arxeoloqun sözlərinə görə, artıq Basqalın şimal qala divarlarının bir hissəsi və Basqal hamamının kürəbənd qalıqları aşkara çıxarılaraq öyrənilib. Məscid ərazisində aparılan tədqiqatlar zamanı xüsusilə maraqlı tapıntılar aşkar olunub. Tədqiqat zamanı müəyyən edilib ki, son onilliklərdə Basqal məscidi kimi təqdim olunan bina əslində həmin ərazidəki daha qədim tikinti qalıqları üzərində tikilib. Dörd möhtəşəm sütun üzərində tikilən və üzəri bişmiş kərpiclə örtülmüş tikili hələlik Basqal ərazisində məlum olan ən qədim memarlıq nümunəsidir.

Mütəxəssislər hesab edirlər ki, Basqalın şöhrət dolu keçmişini daha dərindən və hərtərəfli araşdırmaq üçün genişmiqyaslı arxeoloji tədqiqatları davam etdirmək zəruridir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31