Xalça Muzeyində Üzeyir Hacıbəyli yaradıcılığı müzakirə olundu
Xalça Muzeyində Üzeyir Hacıbəyli yaradıcılığı müzakirə olundu
19 Sentyabr 2019 10:58 MədəniyyətAzərbaycan Milli Xalça Muzeyində "Üzeyir Hacıbəyli yaradıcılığının xalçalarımızda tərənnümü" adlı tədbir keçirilib.
Olaylar.az bildirir ki, Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşan tədbirdə Əməkdar incəsənət xadimi, bəstəkar, professor Elnarə Dadaşova Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı haqqında məruzə ilə çıxış edib.
Əməkdar rəssam Taryel Bəşirov Xalq rəssamı Tahir Salahovun müəllifi olduğu rəngkarlıq əsəri əsasında onun texniki layihəsi və rəhbərliyi ilə toxunan "Üzeyir Hacıbəyli" xalçası barədə danışıb.
Tədbirin bədii hissəsində Azərbaycan Milli Xalça Muzeyinin "Uşaq muzeyi" şöbəsinin dərnək üzvləri və Xalq artisti Fidan Hacıyevanın vokal məktəbinin tələbələri çıxış ediblər. Dərnək üzvlərinin hazırladıqları kuklalardan ibarət səhnəcikdə vokal məktəbinin tələbələri Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" operettasından kiçik hissə səsləndiriblər.
Sonda uşaqlara hədiyyələr təqdim olunub.
Tədbirdən sonra gənc tamaşaçılar dekorativ-tətbiqi sənət üzrə müxtəlif ustad dərslərə qatılıblar.