Qobustan Milli Tarix-Bədii Qoruğunda “açıq qapı” günü təşkil ediləcək

Qobustan Milli Tarix-Bədii Qoruğunda “açıq qapı” günü təşkil ediləcək

Sentyabrın 19-20-də Qobustan Milli Tarix-Bədii Qoruğunda "Avropa irs günləri" çərçivəsində tədbirlər keçiriləcək. İki gün ərzində qoruqda dörd tədbirin təşkili nəzərdə tutulur.

Əvvəlcə qonaqlar qoruq və Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə "Buta" instrumental ansamblı tərəfindən səsləndirilən Avropa Birliyinin himnini dinləyə biləcəklər. Sonra qoruq ərazisində Azərbaycan filmlərinin çəkildiyi yerlərə mini-turlar təşkil olunacaq, rəssamlar tərəfindən burada ustad dərsləri keçiriləcək, habelə fiziki məhdudiyyətli uşaqların əl işlərindən ibarət sərgilər açılacaq.

Qeyd edilən tarixlərdə ziyarətçilər üçün qoruq ərazisində "açıq qapı" günü də təşkil ediləcək.

Qeyd edək ki, Avropa Şurasının və Avropa İttifaqının birgə layihəsi olan "Avropa irs günləri" hər ilin sentyabr ayının sonlarında qeyd olunur. Rəsmi açılışlar, maarifləndirici kampaniyalar, "açıq qapı" günləri, folklor gecələri və etnoqrafik şənliklər formasında keçirilən tədbirlər Avropa sakinlərinin iştirak etdiyi ən irimiqyaslı mədəniyyət hadisəsi hesab edilir. Layihənin əsas məqsədi yerli və əcnəbi ziyarətçilərin mədəni irs obyektlərinə sərbəst girişini təmin etmək, tarix və mədəniyyət abidələrinin qorunması məsələlərinə geniş ictimaiyyətin diqqətini cəlb etmək və milli mədəni irsi təbliğ etməkdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31