Azərbaycan I Beynəlxalq Xalq Tətbiqi İncəsənət Festivalında uğurla təmsil olundu
Azərbaycan I Beynəlxalq Xalq Tətbiqi İncəsənət Festivalında uğurla təmsil olundu
17 Sentyabr 2019 11:38 MədəniyyətÖzbəkistan Respublikasının Kokand şəhərində I Beynəlxalq Kokand Xalq Tətbiqi İncəsənət Festivalı keçirilmişdir. Olaylar.az bildirir ki, festivalda Azərbaycanın beş xalq tətbiqi-dekorativ sənət ustası iştirak etmişdir. Ölkəmizin stendi öz dizaynı, sənətkarlıq məhsullarının hazırlanma texnologiyası, milli geyimlərimiz ilə yerli və xarici qonaqların diqqət mərkəzində olmuşdur. Azərbaycan xalçaları, ağac və taxta üzərində oyma nümunələri, kəlağayılar, təkəlduz, miniatür suvenirlər, ipək üzərində rəsm əsərləri tədbirdə nümayiş olunmuş, həmin nümunələrin hazırlanması əyani şəkildə göstərilmiş, ustad dərsləri təşkil edilmişdir.
Qeyd edirik ki, festival çərçivəsində əl işlərinin müxtəlif nominasiyalar üzrə müsabiqəsi keçirilmiş, beynəlxalq münsiflər heyəti tərəfindən yetmiş səkkiz ölkədən iştirakçı sənətkarların əsərləri qiymətləndirilmişdir. Azərbaycan təmsilçiləri təsis edilmiş 11 nominasiya içərisində qaliblər sırasında olmuşlar. Ölkəmizi təmsil edən sənətkar Nahid Vahabovun əl işləri "Ən canlı sənət işi" nominasiyası üzrə qalib sayılmış və pul mükafatına layiq görülmüşdür.