Mədəniyyət və ədəbiyyat xadimlərinə mükafatlar təqdim olundu
13 Sentyabr 2019 15:07 MədəniyyətMuzey Mərkəzində Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təltif edilmiş bir qrup mədəniyyət və ədəbiyyat xadiminə mükafatların təqdim olunma mərasimi keçirildi.

Olaylar.az bildirdi ki, tədbirdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev ölkəmizdə mədəniyyət və ədəbiyyat sahələrində xidmətləri olan şəxslərə dövlət qayğısından danışdı. Bildirdi ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: "Hər bir yaradıcılıq nümunəsinin arxasında fitri istedadla yanaşı, gərgin əmək dayanır. Sevinirəm ki, dövlətimiz bu fədakar əməyi daim qiymətləndirir. Yaradıcı axtarış elə prosesdir ki, burada həm də bir özünəməxsusluq var. Hər bir yaradıcı insanın əməyi xalq tərəfindən də yüksək dəyərləndirilir".
Nazir vurğuladı ki, bu gün mədəniyyət işçilərinə ayrılan diqqət bütövlükdə Azərbaycan mədəniyyətinə göstərilən qayğıdır. Hazırda mədəniyyətimiz dünya səviyyəsində tanınır, təbliğ edilir, beynəlxalq qurumlarda qəbul olunur. Bütün bunlar dövlət başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu sahədə gördüyü misilsiz işlər sayəsində mümkün olub.
Əbülfəs Qarayev qeyd etdi ki, Azərbaycanın mədəni həyatı maraqlı hadisələrlə zəngindir: "Artıq teatr və konsert müəssisələri mövsümü açır. Bu il də ölkəmizin mədəni həyatı öz zənginliyi ilə seçiləcək. Üzeyir Hacıbəyliyə həsr olunmuş XI Beynəlxalq Musiqi Festivalı, VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası, Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı və digər böyük tədbirlər keçiriləcək".
Nazir həmçinin vurğuladı ki, dövlət başçısının xüsusi diqqət və qayğısı ilə teatr, konsert müəssisələrin binaları təmir olunub, maddi-texniki bazası yaxşılaşdırılıb. Bu proses bu gün də davam edir. Hazırda İrəvan Azərbaycan Dövlət Dram Teatrında təmir işləri həyata keçirilir. Bildirildi ki, bütün teatrlara yeni səhnə əsərlərinin hazırlanması dövlət sifarişləri verilib. Həmçinin ölkə başçısının müvafiq sərəncamına əsasən bütün teatrlara birdəfəlik maddi yardım göstərilib.
Nazir qeyd etdi ki, sentyabrın 18-də başlayacaq ənənəvi Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalında müxtəlif ölkələrdən ifaçı və kollektivlər, o cümlədən Rusiya, Çin və Avstriyadan qonaqlar olacaq. İlin sonunadək ölkəmizdə bir sıra vacib mədəniyyət tədbirləri həyata keçiriləcək.
Əbülfəs Qarayev əlavə etdi ki, Ermənistan hər zaman Azərbaycanın nailiyyətlərinə kölgə salmağa uğursuz cəhdlər edir: "Ona görə də bizim cavabımız yaradıcı prosesin uğurla davam etdirilməsi ilə verilə bilər. Hamımız dərk etməliyik ki, bizim bu sahədə gündəlik mübarizəmiz görünməyən cəbhədə gedir. Azərbaycan mədəniyyətinin dünyaya tanıdılması istiqamətində işləri daha da gücləndirməliyik. Xalqımız kimsənin yaratdığı mədəni sərvətə, sənət nümunəsinə heç vaxt əl uzatmayıb. Amma bizim sərvətlərə hər zaman əl uzadılıb".
Nazir mədəni tədbirlər zamanı insanların davranışları məsələsinə də toxundu: "Son zamanlar aparılan təhlillər onu deməyə əsas verir ki, bu sahədə müsbət tendensiya var. Məsələn, vaxtilə bizim konsertlər, teatr tamaşaları, tədbirlər zamanı telefon zənglərinin səslənməsi, tamaşaçının da, ifaçının da diqqətini yayındıran belə hallar çox idi. Ancaq indi bunların sayı azalıb, insanlar öyrəşiblər ki, tamaşa, konsert və s. zamanı telefonu söndürmək və ya səsini azaltmaq lazımdır. Mədəniyyətdə həm də belə xırda nüanslardan başlamaq lazımdır. Hər mədəni tədbirə gəliş insanlar üçün mənəvi bayrama çevrilməlidir. Səhnədə çıxış edən insan da həssaslıqla auditoriyadan müsbət aura almaq istəyir. Telefon zəngləri və ya başqa fikir yayındıran hallar bu xoş duyğuları almağa mane olur. Ona görə də çalışmaq lazımdır ki, tədbirin gözəlliyini hiss edəsən. Media nümayəndələri də belə məsələlərdə cəmiyyətin düzgün istiqamətləndirilməsinə çalışmalıdır".
Daha sonra nazir mükafatları sahiblərinə təqdim etdi.
Dövlət başçısının sərəncamları ilə baletmeyster Maqsud Məmmədov və rejissor Mərahim Fərzəlibəyov "Şöhrət" ordeninə, şair Vahid Əziz "Xalq şairi" fəxri adına, rejissor Cahangir Novruzov, müğənni İlqar Muradov, pianoçu Cavanşir Zeynallı, Vidadi Həsənov və Vidadi Əliyev "Xalq artisti" fəxri adına layiq görülüblər. Şair Vaqif Bayatlı Odər, yazıçılar Elçin Hüseynbəyli və Firuz Mustаfа "Əməkdar incəsənət xadimi" fəxri adı, rejissorlar Zülfüqar Abbasov və Oktay Əlizadə isə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif olunublar. Bundan əlavə, bir qrup mədəniyyət və incəsənət xadimi "Əməkdar artist", "Əməkdar mədəniyyət işçisi" fəxri adları və "Tərəqqi" medalı ilə mükafatlandırılıb.



Bütün təltif olunanları təbrik edən Əbülfəs Qarayev mədəniyyətimizin inkişafında onlara yeni-yeni yaradıcılıq uğurları arzuladı.
Təltif olunan sənət adamları çıxış edərək onlara təqdim edilən mükafatın böyük məsuliyyət hissi yaratdığını vurğuladılar. Ölkəmizdə mədəniyyət işçilərinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıq ifadə olundu.
Nigar Adil