Əbülfəs Qarayev: “Sami Yusuf kompozisiyası “YouTube” kanalında yerləşdirdiyi andan internet məkanında əsl hadisəyə çevrildi”
Əbülfəs Qarayev: “Sami Yusuf kompozisiyası “YouTube” kanalında yerləşdirdiyi andan internet məkanında əsl hadisəyə çevrildi”
13 Sentyabr 2019 12:56 MədəniyyətMədəniyyət naziri Əbülfəs Qarayev ötən gün keçirdiyi mətbuaat konfransında media nümayəndələrinə çağırış edib. Olaylar.az bildirir ki, nazir bildirib ki, bəzən mediada sensasiya xatirinə hər hansı bir material, kiminsə haqqında səsləndirilən mənfi fikr, əslində, bizim bədxahlarımıza mövzu vermiş olur: "Sənət adamlarının hər biri xalqımızın mənəviyyatı üçün çalışırlar, yaradıcılıq üslubları, əsərləri fərqli olsa da. Misal olaraq, bütün rəssamlar eyni cür rəsmlər çəkməlidir? Ancaq kimsə pisdir deməklə nə əldə olunur? Hər musiqiçi eyni tərzdəmi ifa edir? Hər kəsin zövqü fərqlidir. Tənqid də peşəkarlığa əsaslanmalıdır. Daxili etik senzuranı da dinləmək lazımdır. Kiminsə dediyini olduğu kimi yazmaqla iş bitdi demək olmaz. Unutmayaq ki, bizi istəməyən qüvvələr bizi öz silahımızla vurmağa çalışırlar".
Nazir vurğuladı ki, Azərbaycanın çox zəngin mədəni sərvəti var. Təsviri sənət nümunələri, heykəltəraşlıq əsərlər, abidələrimiz, maddi mədəni irsimiz, Azərbaycan musiqisi - hamısı bizim sərvətimizdir: "Tarixi abidələrimizi qorumasaq, sanki öz doğma əcdadlarımıza hörmətsizlik etmiş oluruq. Mən bir daha sizi bu məsələlərdə ictimaiyyətin maarifləndirilməsinə önəm verməyinizi istərdim".
Əbülfəs Qarayev Azərbaycan əsilli məşhur müğənni Sami Yusufun böyük şair, mütəfəkkir İmadəddin Nəsiminin "Sığmazam" qəzəli əsasında hazırladığı musiqi kompozisiyasının geniş dinləyici auditoriyasında böyük rezonans doğurması barədə fikirlərini də bölüşdü: "Dünya şöhrətli müğənni və bəstəkar Sami Yusuf bu kompozisiyanı özünün "YouTube" kanalında yerləşdirdiyi andan internet məkanında əsl hadisəyə çevrildi. Kompozisiya bu il iyunun 30-da Bakıda - Heydər Əliyev Mərkəzində UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimində ifa olunub. Bu, alqışa layiq bir iş idi. Biz onu o vaxt müəllif hüquqlarına görə yaymadıq. İndi həmin musiqi kompozisiyası barədə yazılan rəyləri, fikirləri oxuyuram və bu çox xoşdur. Yaradıcı insanların işi hər zaman göz önündə olur".