Nərgizava nekropolundan antik və ilk orta əsrlərə aid abidələr aşkarlanıb
Nərgizava nekropolundan antik və ilk orta əsrlərə aid abidələr aşkarlanıb
11 Sentyabr 2019 17:21 MədəniyyətAMEA-nın müxbir üzvü Vəli Əliyevin rəhbərlik etdiyi Nərgizava ekspedisiyası 2019-cu ilin avqust-sentyabr aylarında Ağsu rayonunun Gəgəli kəndinin Yasamal adlı qobuluq ərazisində arxeoloji kəşfiyyat qazıntısı aparıb.
Olaylar.az bildirir ki, ərazidə saxsı qab sınıqları, qarışıq gilli-küllü təbəqədə arabir çaydaşı və əhəng daşlarına rast gəlinsə də, hər hansı tikili qalığı üzə çıxmayıb. Aşkar olunan saxsı qab parçaları tədqiqat üçün götürülüb.
Bundan əlavə, həmin ərazidən 250 metr cənubda ikinci qazıntı sahəsində tədqiqat işləri davam etdirilib və burada ocaq yeri və bişmiş kərpic hissələri aşkarlanıb.
Ekspedisiya ərzində Yasamal qobusunun vadidə əmələ gətirdiyi dərənin iki kilometrlik hissəsi diqqətlə nəzərdən keçirilib. Müşahidə zamanı sel sularının yuduğu divarda bir ədəd saxsı qadın heykəlciyi aşkar olunub. Digər antik dövr abidələrindən üzə çıxsa da, Nərgizavada bu tip saxsı heykəlciyə ilk dəfə rast gəlinir.
Qazıntı sahələrindən bir kilometr cənubda Yasamal qobusunun qərb divarında yaşayış yerinin qalıqları izlənilib. Təyinatı məlum olmayan tikilinin daxilində ocaq qalıqları tapılıb və gələn il həmin sahədə tədqiqatların aparılması planlaşdırılır.
Yaşayış yerindən şimalda küp qəbirlər nekropolunun olduğu da müəyyən edilib. Yer səthindən iki metr dərinlikdə üzə çıxan qəbir küpü torpağın ağırlığından parçalansa da, qəbir avadanlığı salamat qalıb. Qəbirdən bir ədəd qısa tiyəli bıçaq, muncuq, kasa və bir ədəd ağzı novçalı su qabı tapılıb.
İlkin tədqiqatlar həmin ərazidə yaşayışın antik və ilk orta əsrlərdə uzun müddət davam etdiyini göstərir.